İbrahim Talıbov Azərbaycana Dakar-2026-nın ilk qızıl medalını qazandırdı - YENİLƏNİB + FOTO/VİDEO

1 Noyabr 2026 20:38
1 019
İbrahim Talıbov Azərbaycana Dakar-2026-nın ilk qızıl medalını qazandırdı - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın cüdoçusu İbrahim Talıbov Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarının qalibi olub.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda xorvatiyalı Zvorc Jonaya qalib gələrək qızıl medal qazanıb.

Bu, Azərbaycan komandasının Dakar-2026-da əldə etdiyi ilk qızıl medaldır.

Mübarizəyə 1/4 final mərhələsindən başlayan Talıbov ilk görüşündə Mərkəzi Afrika Respublikasının təmsilçisi İbrahim Mussanı məğlub edib. Yarımfinalda isə Səudiyyə Ərəbistanından olan Muratz Hebahı mübarizədən kənarlaşdıraraq həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Noyabrın 1-dən 3-dək keçiriləcək cüdo yarışlarında 93 ölkədən 94 idmançı (46 oğlan, 48 qız) mübarizə aparacaq.

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycan səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

15:13

Azərbaycan cüdoçusu İbrahim Talıbov Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 55 kq-dək çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşündə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussa ilə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Talıbov yarımfinala vəsiqə qazanıb.

Azərbaycanlı cüdoçu bu mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi Mutaz Hebahla qarşılaşıb. Rəqibinə osaekomi-vaza texnikası ilə qalib gələn idmançımız həlledici görüşə yüksələrək ən azı gümüş medalı təmin edib.

Cüdoçumuzun həlledici görüşdə rəqibi Xorvatiya idmançısı Yona Zvortsdur.

Qeyd edək ki, qızıl medal uğrunda qarşılaşmaların keçiriləcəyi final bloku Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

09:58

Azərbaycan cüdo millisinin üzvü İbrahim Talıbov Seneqalda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında (Dakar-2026) bu gün mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Talıbov ilk görüşünü Mərkəzi Afrika Respublikasından İbrahim Mussa ilə Əfqanıstan təmsilçisi Cahan Zib Tarin arasındakı qarşılaşmanın qalibi ilə keçirəcək.

Yarış gününün təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Medalların sahibləri isə 20:00-da start götürəcək final blokunda müəyyənləşəcək.

Qeyd edək ki, 31 oktyabrda başlayan Dakar-2026 13 noyabradək davam edəcək. Oyunlarda Azərbaycanı səkkiz idman növündə 13 idmançı təmsil edir.

İdman.Biz