Seneqalın paytaxtı Dakarda keçiriləcək yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının cüdo yarışlarının püşkü atılıb.
İdman.Biz xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçisi İbrahim Talıbovun (55 kq) mümkün ilk rəqibləri bəlli olub.
Cüdoçumuz 1/4 final mərhələsində Mərkəzi Afrika Respublikasından İbrahim Mussa ilə Əfqanıstandan Cahan Zib Tarin arasında keçiriləcək görüşün qalibi ilə üz-üzə gələcək.
Talıbov noyabrın 1-də yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında tatamiyə çıxacaq.
Noyabrın 1-3-də keçiriləcək cüdo yarışlarında 93 ölkədən 94 idmançı - 46 oğlan və 48 qız mübarizə aparacaq.
İlk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə saat 14:00-da, final bloku isə saat 20:00-da başlayacaq.

