Bu gün, oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək. Yarışın ilk günündə Azərbaycanın beş idmançısı - üç kişi və iki qadın tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, ilk gündə kişilər arasında 60 və 66 kq, qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində medallar uğrunda mübarizə aparılacaq.
60 kq çəki dərəcəsində Balabəy Ağayev mübarizəyə ikinci mərhələdən başlayacaq. Onun rəqibi sloveniyalı David Ştarkel ilə rusiyalı Nikita Anisimov arasındakı görüşün qalibi olacaq.
66 kq çəki dərəcəsində Azərbaycanı iki cüdoçu təmsil edəcək. Ruslan Paşayev də ilk mərhələdən azaddır. O, rusiyalı German Kobetslə israilli Tom Simxayev arasındakı görüşün qalibi ilə qarşılaşacaq.
Eyni çəkidə mübarizə aparan Rəşad Yelkiyev isə ilk görüşündə qırğızıstanlı Erbol Abasbekovla üz-üzə gələcək.
Qadınların yarışında Könül Əliyeva (48 kq) özbəkistanlı Ulbusin Hakimova ilə qarşılaşacaq. Gültac Məmmədəliyeva (52 kq) isə ilk görüşündə rusiyalı Karina Yefimova ilə qüvvəsini sınayacaq.
Oktyabrın 31-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 12 cüdoçu ilə təmsil olunacaq. Onlardan səkkizi kişi, dördü isə qadındır.
Böyük Dəbilqə turnirinin qalibləri Beynəlxalq Cüdo Federasiyasının (IJF) dünya reytinqində 1000 xal qazanacaqlar. Gümüş medalçılara 700, bürünc mükafatçılara isə 500 xal veriləcək.
