Oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək. Yarışda Azərbaycanı 12 idmançı təmsil edəcək.
İdman.Biz xəbər verir ki, püşkatmadan sonra millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib. Altı cüdoçumuz ilk mərhələdən azad olub və ikinci raundda mübarizəyə qoşulacaq. Onlar müvafiq cütlərin qalibləri ilə qarşılaşacaqlar.
60 kq çəki dərəcəsində Balabəy Ağayev Sloveniyadan olan David Ştarkel ilə rusiyalı Nikita Anisimov arasındakı görüşün qalibini gözləyir.
66 kq-da Ruslan Paşayev ikinci raundda rusiyalı German Kobetslə israilli Tom Simxayev arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə Rəşad Yelkiyev isə ilk görüşünü qırğızıstanlı Erbol Abasbekova qarşı keçirəcək.
73 kq çəki dərəcəsində Olimpiya çempionu Hidayət Heydərov ilk raundu buraxacaq. Onun rəqibi serbiyalı Baysanqul Baqayevlə rumıniyalı Bors Dumitresku arasındakı görüşün qalibi olacaq. Bu çəkidə digər təmsilçimiz Kamran Süleymanov isə özbəkistanlı Zamoxşari Bekmurodovla kiprli Xristos Dimitriadi arasındakı qarşılaşmanın qalibi ilə görüşəcək.
90 kq-da Elcan Hacıyev mübarizəyə xorvatiyalı Yosip Buliçə qarşı görüşlə başlayacaq.
100 kq-dan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri ikinci raundda tacikistanlı Şarifon Nuzriyev ilə ukraynalı Yakov Xammonun qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə çıxış edən Camal Qamzatxanov isə gürcüstanlı Saba İnaşvili ilə braziliyalı Andre Humberto arasındakı görüşün qalibini gözləyir.
Qadınların yarışında Azərbaycanın dörd təmsilçisinin hamısı mübarizəyə ilk raunddan başlayacaq.
48 kq-da Könül Əliyeva özbəkistanlı Ulbusin Hakimova ilə, 52 kq-da Gültac Məmmədəliyeva rusiyalı Karina Yefimova ilə, 70 kq-da Səadət Ağayeva ABŞ təmsilçisi Nensi Nquyenlə, 78 kq-dan yuxarı çəki dərəcəsində isə Mədinə Qaysinova özbəkistanlı İrisxon Qurbanbayevaya qarşı mübarizə aparacaq.
Oktyabrın 31-dək davam edəcək turnirdə 59 ölkədən 374 cüdoçu iştirak edəcək.
Böyük Dəbilqə turnirinin qaliblərinə Beynəlxalq Cüdo Federasiyasının (IJF) reytinqində 1000 xal veriləcək. Gümüş medalçılar 700, bürünc medalçılar isə 500 xal qazanacaqlar.
