Murad Əhmədiyev dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİR + FOTO

25 Oktyabr 2026 10:15
154
Murad Əhmədiyev dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİR + FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatına uğurlu start verib.

İdman.Biz xəbər verir ki, milli komandanın üzvü ilk görüşündə Cənubi Koreya təmsilçisi Çon Bin Kvona 8:0 hesabı ilə vaxtından əvvəl qalib gələrək 1/8 finala yüksəlib.

Yarışın ikinci günündə Azərbaycanın daha iki yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq. İkiqat dünya çempionu Ülvi Qənizadə (72 kq) ilkin mərhələdən azaddır. Sərxan Məmmədov (130 kq) isə braziliyalı Gilyerme Evangelista Diasla qarşılaşacaq.

Xatırladaq ki, bu gün axşam saatlarında Azərbaycanın iki təmsilçisi dünya çempionatının qızıl medalları uğrunda mübarizə aparacaq.

Dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq) finalda iranlı Payam Əhmədi ilə, dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov (77 kq) isə moldovalı Aleksandrin Qutsu ilə qarşılaşacaq.

09:11

Bu gün, oktyabrın 25-də Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanadakı “Barıs Arena”da keçirilən dünya çempionatının final görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində Əzizlinin rəqibi iranlı Payam Əhmədi Balutaki olacaq. Süleymanov isə 77 kq-da qızıl medal uğrunda Moldova təmsilçisi Aleksandrin Qutsu ilə qarşılaşacaq.

Bu finalların daxil olduğu axşam seansı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Hər iki güləşçimiz artıq ən azı gümüş medalı təmin edib.

Əzizli ötən gün yarımfinalda gürcüstanlı Vaxtanq Loluanı 5:1, Süleymanov isə iranlı Əli Oskunu 2:0 hesabı ilə məğlub edib.

Səhər seansı Bakı vaxtı ilə saat 09:30-da start götürəcək. Bu gün Azərbaycanın daha üç təmsilçisi medal mübarizəsinə qoşulacaq.

Murad Əhmədiyev 97 kq-da təsnifat mərhələsində cənubi koreyalı Çon Bin Kvonla üz-üzə gələcək. Sərxan Məmmədov isə 130 kq-da eyni mərhələdə braziliyalı Gilyerme Diasla qarşılaşacaq.

Ülvü Qənizadə 72 kq-da mübarizəyə 1/8 finaldan başlayacaq. Onun rəqibi təsnifat mərhələsində hindistanlı Karancit Sinq ilə yaponiyalı Rintaro Soqabe arasında keçiriləcək görüşün qalibi olacaq.

Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.

İdman.Biz