Sabah Qazaxıstanın paytaxtı Astanada start götürəcək güləş üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib. Yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
İdman.Biz xəbər verir ki, bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, Azərbaycan millisinin on üzvündən dördü ilkin mərhələdə güləşməyəcək.
Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) mübarizəyə birbaşa növbəti mərhələdən qoşulacaqlar.
Digər altı güləşçimiz isə ilk görüşlərini keçirəcəklər.
60 kq çəki dərəcəsində Murad Məmmədov Türkiyə təmsilçisi Enes Başarla, 63 kq-da Nihat Məmmədli ABŞ idmançısı Xavyer Consonla qarşılaşacaq.
Sənan Süleymanovun (77 kq) ilk rəqibi yaponiyalı İsami Horikita, İslam Abbasovun (87 kq) rəqibi isə türkiyəli Eli Cengiz olacaq.
97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da Sərxan Məmmədov isə braziliyalı Gilherme Evanjelista Diasla üz-üzə gələcək.
Beləliklə, Azərbaycan millisinin dörd üzvü ilk mərhələni görüş keçirmədən adlayacaq, digər altı güləşçi isə mübarizəyə ilk dövrədən başlayacaq.
