Yunan-Roma güləşi üzrə dördqat dünya çempionu Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatından sonra idmançı karyerasını başa vurmaq niyyətindədir.
İdman.Biz xəbər verir ki, 34 yaşlı Azərbaycan güləşçisi bu barədə Dünya Güləş Birliyinə (UWW) açıqlamasında bildirib.
Əzizli beşinci dəfə dünya çempionu olmaq və bundan sonra peşəkar idmandan ayrılmaq istədiyini qeyd edib.
Xatırladaq ki, təcrübəli güləşçimiz dünya çempionatının 55 kq çəki dərəcəsində yarımfinal mərhələsini uğurla adlayıb.
;
O, finala gedən yolda son dünya çempionu, Gürcüstan təmsilçisi Vaxtanq Lolua ilə qarşılaşıb. Əzizli rəqibinə 5:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı təmin edib.
Oktyabrın 25-də keçiriləcək final görüşündə Azərbaycan idmançısının rəqibi iranlı Payam Əhmədi olacaq.
Bu qarşılaşma Əzizli üçün xüsusi əhəmiyyət daşıyır. Ötənilki dünya çempionatının yarımfinalında məhz Əhmədiyə məğlub olan güləşçimiz yarışı bürünc medalla başa vurub.
Beləliklə, qarşıdakı görüş Eldəniz Əzizli üçün həm revanş almaq, həm də karyerasını beşinci dünya çempionluğu ilə başa vurmaq imkanı yaradacaq.
Qeyd edək ki, Azərbaycan güləşçisi daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub.
