Azərbaycan güləş millisi dünya çempionatını altı medalla başa vurdu – YENİLƏNİB - VİDEO

1 Noyabr 2026 19:30
1 635
Azərbaycan güləş millisi dünya çempionatını altı medalla başa vurdu – YENİLƏNİB

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi yarışı altı medalla tamamlayıb. Yığmanın aktivinə iki qızıl, iki gümüş və iki bürünc mükafat yazılıb.

Çempionatda yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar. Nihat Məmmədli (63 kq) isə gümüş mükafata sahib çıxıb.

Sərbəst güləşçilərdən Arseniy Cioyev (86 kq) dünya çempionatının gümüş, Giorgi Meşvildişvili (125 kq) və Əli Tsokayev (92 kq) isə bürünc medalını əldə ediblər.

Yarışın son günündə Azərbaycanın dörd sərbəst güləşçisi bürünc medal uğrunda mübarizə aparıb. Onlardan yalnız Əli Tsokayev fəxri kürsüyə yüksələ bilib.

92 kq çəki dərəcəsində çıxış edən Tsokayev üçüncü yer uğrunda görüşdə İran təmsilçisi Əmirhüseyn Firuzpurbəndpeyi 6:0 hesabı ilə məğlub edib.

74 kq-da mübarizə aparan Turan Bayramov isə bürünc medal görüşündə yaponiyalı Yoşinosuke Aoyaqiyə 0:11 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi daha əvvəl təsəlliverici mərhələdə Kosovo güləşçisi Eqzon Conini 7:0 hesabı ilə məğlub edib, Tacikistan idmançısı Viktor Rassadini isə 2:2 hesabı ilə başa çatan qarşılaşmada xalların keyfiyyətinə görə üstələyib.

57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisi Abubakar Mutaliyevə 2:6 hesabı ilə məğlub olub.

79 kq-da güləşən Cəbrayıl Hacıyev də üçüncü yer uğrunda qarşılaşmada Belarus təmsilçisi Maqamedxabib Kadimaqomedova 0:3 hesabı ilə uduzub.

Yığmanın medal qazanan altı üzvündən üçü yunan-Roma, üçü isə sərbəst güləş üzrə mübarizə aparıb.

Qeyd edək ki, komanda hesabında Azərbaycan yunan-Roma güləşi üzrə 104 xalla İran yığmasından sonra ikinci, sərbəst güləş üzrə isə 88 xalla ABŞ, Rusiya və İrandan sonra dördüncü pillədə qərarlaşıb.

18:20

Azərbaycanın sərbəst güləşçisi Əli Tsokayev Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatının bürünc medalına sahib çıxıb.

İdman.Biz xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbandpeylə üz-üzə gəlib.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn Tsokayev dünya çempionatını fəxri kürsüdə başa vurub.

Bu nəticə ilə Azərbaycan millisinin turnirdəki medal sayı altıya yüksəlib. Yığmanın aktivində iki qızıl, iki gümüş və iki bürünc medal var.

17:45

Azərbaycanın sərbəst güləşçisi Astanada keçirilən dünya çempionatında üçüncü yer uğrunda görüşdə məğlub olub

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəni medalsız başa vurub.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisi Abubakar Mutaliyevlə qarşılaşıb.

Görüş rəqibin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Bazarqanov dünya çempionatında medal qazanmaq imkanını əldən verib.

Daha əvvəl sərbəst güləşçimiz Cəbrayıl Hacıyev də çempionatı medalsız başa vurub.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda beş medal - iki qızıl, iki gümüş və bir bürünc mükafat var.

17:20

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatını medalsız başa vurub.

İdman.Biz xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada Belarus idmançısı Maqamedxabib Kadimaqomedovla üz-üzə gəlib.

Olimpiya mükafatçısı və Avropa çempionu olan rəqibinə 0:3 hesabı ilə məğlub olan Hacıyev fəxri kürsüyə yüksələ bilməyib.

Azərbaycan güləşçisi dünya çempionatında mübarizəsini beşinci yerdə başa vurub.

Qeyd edək ki, yarışın son günündə Turan Bayramov (74 kq), İslam Bazarqanov (57 kq) və Əli Tsokayev (92 kq) də bürünc medal uğrunda mübarizə aparırlar.

16:45

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ikinci təsəlliverici qarşılaşmasında Tacikistan idmançısı Viktor Rassadinlə üz-üzə gəlib.

Görüş 2:2 hesabı ilə başa çatsa da, xalların keyfiyyətinə görə üstün olan Bayramov qələbə qazanaraq bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Azərbaycanlı güləşçi ilk təsəlliverici görüşündə Kosovo təmsilçisi Eqzon Conini 7:0 hesabı ilə məğlub edib.

Bayramov bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yoşinosuke Aoyaqi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının son günündə İslam Bazarqanov (57 kq), Cəbrayıl Hacıyev (79 kq) və Əli Tsokayev (92 kq) də bürünc medal uğrunda mübarizə aparacaqlar.

Hazırda Azərbaycan millisinin aktivində beş medal var. Bunlardan ikisi qızıl, ikisi gümüş, biri isə bürüncdür.

16:12

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov bu gün, noyabrın 1-də Qazaxıstanın Astana şəhərində başa çatacaq dünya çempionatının təsəlliverici mərhələsinə uğurla başlayıb.

İdman.Biz xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı ilk təsəlliverici görüşündə Kosovo təmsilçisi Eqzon Conini 7:0 hesabı ilə inamla məğlub edib.

Bayramov növbəti qarşılaşmasında Tacikistan idmançısı Viktor Rassadinlə üz-üzə gələcək. Qələbə qazanacağı təqdirdə azərbaycanlı güləşçi bürünc medal uğrunda görüşə vəsiqə əldə edəcək. Onun bu mərhələdəki rəqibi yaponiyalı Yoşinosuke Aoyaqi olacaq.

Xatırladaq ki, dünya çempionatının son günündə İslam Bazarqanov (57 kq), Cəbrayıl Hacıyev (79 kq) və Əli Tsokayev (92 kq) də bürünc medal uğrunda mübarizə aparacaqlar.

Hazırda Azərbaycan millisinin aktivində beş medal var. Bunlardan ikisi qızıl, ikisi gümüş, biri isə bürüncdür.

15:45

Azərbaycanın sərbəst güləşçisi Əli Tsokayev (92 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəsiz bürünc medal görüşünə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, təsəlliverici mərhələdə onun rəqibi olan Nauru təmsilçisi Ceysay Uera xalçaya çıxmayıb. Nəticədə Azərbaycan güləşçisi avtomatik olaraq üçüncü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Onun rəqibi İran təmsilçisi Əmirhüseyn Firuzpurbəndpey olacaq.

Azərbaycanın daha iki təmsilçisi - İslam Bazarqanov (57 kq) və Cəbrayıl Hacıyev (79 kq) də bürünc medal uğrunda görüşlərə çıxacaqlar. Onların rəqibləri təsəlliverici qarşılaşmaların nəticələrinə əsasən müəyyənləşəcək.

74 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov isə təsəlliverici mərhələdə ilk görüşünü Kosovo təmsilçisi Ekzon Coniyə qarşı keçirəcək. Qələbə qazanacağı təqdirdə o, Tacikistan təmsilçisi Viktor Rassadinlə üz-üzə gələcək. Bu qarşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi ilə güləşəcək.

Beləliklə, noyabrın 1-də başa çatacaq dünya çempionatının son günündə Azərbaycanın dörd sərbəst güləşçisi medal qazanmaq şansını qoruyur.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda beş medal - iki qızıl, iki gümüş və bir bürünc mükafat var.

Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar. Nihat Məmmədli (63 kq) və Arseniy Cioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

09:24

Azərbaycan sərbəst güləş millisinin dörd üzvü Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının son günündə bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, 79 kq çəki dərəcəsində güləşən Cəbrayıl Hacıyev ötən gün yarımfinalda İran təmsilçisi Məhəmməd Noxodilarimiyə 5:9 hesabı ilə uduzub. Hacıyevin rəqibi Asiya Oyunlarının qalibi və dünya çempionatlarının mükafatçısıdır.

57 kq-da mübarizə aparan İslam Bazarqanov isə yarımfinalda amerikalı Spenser Li ilə qarşılaşıb. Görüşdə 10:3 hesabı ilə üstün olan idmançımız sonda “tuş”la məğlub olub.

92 kq çəki dərəcəsində çıxış edən Ali Tsokayevin yolunu 1/4 finalda ABŞ-li dünya çempionu Trent Hidli kəsib. Görüş 5:1 hesabı ilə amerikalı güləşçinin qələbəsi ilə başa çatıb. Hidlinin finala yüksəlməsi isə Tsokayevə təsəlliverici görüşlərdə şans qazandırıb.

Eyni vəziyyət 74 kq-da güləşən Turan Bayramovla bağlı da yaranıb. O, 1/8 finalda qazaxıstanlı Nurkoca Kaypanova 0:4 hesabı ilə uduzub. Kaypanovun finala çıxması Bayramova təsəlliverici görüşlərdə iştirak imkanı verib.

Bununla da Cəbrayıl Hacıyev, İslam Bazarqanov, Ali Tsokayev və Turan Bayramov bu gün dünya çempionatında bürünc medal uğrunda xalçaya çıxacaq.

Qeyd edək ki, çempionatda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medala sahib çıxıb.

İdman.Biz