Bu gün Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında medal görüşlərinə çıxacaq. Arseniy Djioyev qızıl, Georgi Meşvildişvili isə bürünc medal uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, 86 kq çəki dərəcəsində final görüşündə Djioyevin rəqibi dördqat dünya çempionu, ABŞ təmsilçisi Kayl Deyk olacaq.
Qeyd edək ki, azərbaycanlı güləşçi ötən gün yarımfinalda gürcüstanlı Vladimeri Qamkrelidzeni 9:1 hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi isə digər yarımfinal görüşündə rusiyalı İbrahim Kadıyevi 6:3 hesabı ilə üstələyib.
125 kq çəki dərəcəsində mübarizə aparan Georgi Meşvildişvili bürünc medal uğrunda görüşə çıxacaq. O, yarımfinalda rusiyalı Abdulla Kurbanova 0:5 hesabı ilə uduzub.
Medal görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
