Nihat Məmmədli: “Qismətimdə bəlkə də qızıl medal idi, sadəcə mən buna tələsdim”

29 Oktyabr 2026 13:33
52
Nihat Məmmədli: “Qismətimdə bəlkə də qızıl medal idi, sadəcə mən buna tələsdim”

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Nihat Məmmədli Qazaxıstanda keçirilən dünya çempionatının yekunları haqqında danışıb.

İdman.Biz xəbər verir ki, idmançı dünya çempionatından məyus ayrıldığını, eyni zamanda sahib olduğu nəticəyə görə minnətdar olduğunu bildirib.

“Əlhəmdulillah, dünya çempionatının gümüş mükafatçısı oldum. Məyus olmağımın tək səbəbi sadəcə öz səhvlərimin məni qızıl medaldan, ikinci dünya çempionluğumdan etməsidir. Mənim qismətimdə bəlkə də qızıl medal idi, sadəcə mən buna tələsdim və nəticəsi mənim üçün ağır oldu. İnanıram ki, hər şey daha yaxşı olacaq. Yaxşı olması üçün də əlimdən gələni edəcəyimi bilirəm. Olduğum yer üçün sonsuz şükür edirəm. Bu yolda mənə dəstək olan, üstümdə zəhməti olan hər bir şəxsə və bizim üçün bütün şəraiti yaradan, yanımızda olan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Mənim üçün dua edən və təbrik edənlərə, xoş sözlər yazan hər birinizə minnətdaram”, - deyə o, “Instagram” hesabında yazıb.

Qeyd edək ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli final görüşündə Ermənistan təmsilçisi Karen Aslanyanla qarşılaşıb və 4:8 hesabı ilə məğlub olub. Bu, Məmmədlinin dünya çempionatlarında qazandığı ikinci medaldır. O, 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İdman.Biz