İki qızıl və olimpiyaöncəsi suallar: Azərbaycan yunan-Roma güləşinin dünya çempionatındakı çıxışı İDMAN.BİZ-in İCMALINDA

28 Oktyabr 2026 12:56
105
İki qızıl və olimpiyaöncəsi suallar: Azərbaycan yunan-Roma güləşinin dünya çempionatındakı çıxışı İDMAN.BİZ-in İCMALINDA

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Astanada keçirilən dünya çempionatını iki qızıl və bir gümüş medalla başa vuraraq komanda hesabında ikinci yeri tutub. Nəticə, şübhəsiz ki, uğurludur. Bununla belə, qazanılan üç medalın arxasında məşqçilər korpusunun yaxın aylarda cavab tapmalı olduğu suallar da var.

İdman.Biz xəbər verir ki, Məhəmməd Banənin rəhbərlik etdiyi komanda 104 xal toplayıb. Azərbaycan yalnız İranı (192 xal) qabağa buraxıb, Özbəkistanı (80 xal) geridə qoyub. Bununla belə, Olimpiya proqramına daxil olan altı çəki dərəcəsindən yalnız birində – 77 kq-da medal qazanılıb. Bu məqam 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına lisenziya yarışı ərəfəsində xüsusi əhəmiyyət daşıyır.

Eldəniz Əzizli: beşinci qızıl və mümkün vida

Azərbaycan üçün dünya çempionatının ən böyük tarixi uğuru Eldəniz Əzizlinin (55 kq) beşinci dəfə dünya çempionu olmasıdır. Daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionatlarının qalibi olan 34 yaşlı güləşçi bu dəfə də yüksək ustalığını nümayiş etdirib. O, finalda iranlı Peyam Əhmədiyə 3:1 hesabı ilə qalib gəlib.

Bu qələbəni xüsusilə dəyərli edən məqamlardan biri odur ki, ötən il məhz Əhmədi dünya çempionatının yarımfinalında Əzizlini mübarizədən kənarlaşdırmışdı. Bu dəfə isə təcrübəli azərbaycanlı rəqibinin səhvindən istifadə edərək qarşılaşmanı öz xeyrinə başa vurub.

Bununla belə, beşinci dünya çempionluğu Əzizlinin güləş xalçasında son böyük uğuru ola bilər. O, finaldan əvvəl bu məqsədinə çatdıqdan sonra karyerasını bitirmək niyyətində olduğunu bildirmişdi. Lakin dünya çempionatından sonra gələcəyi ilə bağlı suala cavab verərkən yekun qərarını hələ vermədiyini deyib. Güləşçi növbəti bir-iki həftə ərzində məşqçiləri və federasiya rəhbərliyi ilə məsləhətləşdikdən sonra qərarını açıqlayacağını bildirib.

Əzizlinin hansı qərarı verəcəyindən asılı olmayaraq, milli komanda artıq 55 kq çəki dərəcəsinin gələcəyini düşünməlidir. Uzun illər bu çəkidə Azərbaycanın əsas lideri olan güləşçini əvəzləmək asan olmayacaq. Söhbət yalnız güclü idmançıdan deyil, ölkəyə dünya və Avropa çempionatlarında dəfələrlə medal qazandırmış güləşçidən gedir.

Digər tərəfdən, 55 kq Olimpiya proqramına daxil deyil. Buna görə də Əzizlinin mümkün gedişi dünya və Avropa çempionatlarında ciddi itki olsa da, Olimpiadaya hazırlıq planlarına birbaşa təsir göstərməyəcək.

Sənan Süleymanov: illərlə gözlənilən qızıl

Əzizlinin uğuru onun artıq formalaşmış böyüklüyünü təsdiqlədisə, Sənan Süleymanovun (77 kq) qələbəsi karyerasında yeni mərhələnin başlanğıcı oldu. 29 yaşlı güləşçi dünya çempionu olmaq üçün təxminən on il gözləyib. 2017-ci ildə böyüklər arasında beynəlxalq yarışlarda debüt edən Süleymanov 2021 və 2023-cü illərdə dünya çempionatlarının finalına yüksəlsə də, hər iki dəfə qızıl medaldan məhrum olmuşdu.

Astanada isə o, nəhayət, bu səddi aşıb. Azərbaycanlı yunan-Roma güləşçisi finalda moldovalı Aleksandrin Qutunu 8:3 hesabı ilə məğlub edib. Turnir ərzində Süleymanov təkcə texniki bacarığını deyil, belə səviyyəli yarışlarda vacib olan digər keyfiyyətini – qarşılaşmanın gedişinə nəzarət etmək bacarığını da nümayiş etdirib.

İranlı Əli Oskiyə qarşı yarımfinal görüşü xüsusilə diqqətçəkən olub. Süleymanov rəqibini 2:0 hesabı ilə məğlub edib. O, riskli və effektli fəndlərə həddindən artıq üstünlük vermədən, intizamlı mübarizə apararaq lazımi nəticəni əldə edib.

Bu qızıl medal Azərbaycan millisi üçün xüsusi əhəmiyyət daşıyır. Əzizlinin çıxış etdiyi çəkidən fərqli olaraq, 77 kq Olimpiya proqramına daxildir. Beləliklə, Azərbaycanın hazırda Olimpiya Oyunlarının altı yunan-Roma güləşi çəkisindən birində dünya çempionu var.

Süleymanov indiki məqamda 2028-ci il Olimpiadasına lisenziya qazanmaq və Los-Ancelesdə medal uğrunda mübarizə aparmaq üçün əsas namizədlərdən biri kimi görünür.

Nihat Məmmədli: öz səhvlərinin qurbanı

Dünya çempionatının ən ağrılı məqamlarından biri Nihat Məmmədlinin (63 kq) finalda məğlub olması idi. 2024-cü ilin dünya çempionu ikinci dəfə bu titula yiyələnmək üçün əla fürsət əldə etsə də, Ermənistan təmsilçisi Karen Aslanyana 4:8 hesabı ilə uduzub.

Görüş azərbaycanlı güləşçi üçün ideal başlayıb. Məmmədli dörd xallıq fəndlə hesabda 4:0 önə keçib. Lakin bundan sonra təşəbbüsü, demək olar ki, tamamilə əldən verib. Aslanyan fərqi azaldıb, ardınca özü dörd xallıq fənd icra edərək hesabda önə çıxıb – 7:4. İkinci hissədə Məmmədli vəziyyəti dəyişə bilməyib.

Nihatın məğlubiyyətində öz səhvlərinin nə dərəcədə rol oynadığını soruşmaq yerinə düşər. Müəyyən mənada, güləşçi özü də buna işarə edib. Finaldan sonra o, tələsdiyini, çoxlu səhvə yol verdiyini və daha sakit mübarizə aparsaydı, qalib gələ biləcəyini etiraf edib.

Bu final bir daha göstərdi ki, böyük turnirlərin həlledici mərhələlərində psixoloji dayanıqlıq nə qədər vacibdir. Məmmədlinin güclü rəqibləri məğlub etmək üçün kifayət qədər texniki potensialı var. Lakin Astanada ona soyuqqanlılıq çatmayıb.

Həsrət Cəfərov: iki məğlubiyyət və narahatedici siqnal

Həsrət Cəfərovun (67 kq) çıxışı da birmənalı qiymətləndirilə bilməz. Millinin liderlərindən biri və 2024-cü il Olimpiadasının bürünc mükafatçısı dünya çempionatını medalsız başa vurub.

Cəfərov yarımfinalda Olimpiya çempionu və hazırkı dünya çempionu, iranlı Səid Esmailiyə əlavə göstəricilərə görə 1:1 hesabı ilə uduzub. Beləliklə, ikinci ildir ki, eyni rəqib onun dünya çempionluğu yolunu kəsib.

Esmailiyə məğlubiyyəti rəqibin yüksək səviyyəsi ilə izah etmək mümkündür. Lakin qazaxıstanlı Bağdat Sabazla bürünc medal uğrunda görüş daha çox sual doğurur. Cəfərov qarşılaşmanın bitməsinə bir dəqiqədən az vaxt qalmış 5:1 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə məğlub olub. Qazaxıstanlı güləşçi əvvəlcə dörd xallıq fəndlə hesabı dəyişib, sonra isə üstünlüyünü möhkəmləndirib.

Bu məğlubiyyəti texniki bacarıq və ya ustalıq çatışmazlığı ilə izah etmək çətindir. Daha çox diqqətin itirilməsi və əldə olunmuş üstünlükdən düzgün istifadə edə bilməməklə bağlı problem görünür.

Millinin baş məşqçisi Məhəmməd Banə isə Cəfərovun uğursuzluğunda gələcək karyerası üçün faydalı tərəf görüb. Onun fikrincə, bu məğlubiyyət Olimpiadaya psixoloji hazırlıq baxımından güləşçiyə lazım ola bilər. Cəfərov qarşıdakı Oyunlarda Azərbaycanın qızıl medal üçün əsas namizədlərindən biri olaraq qalır.

Bəlkə də, Banə haqlıdır. Lakin bu dərsin faydalı olması üçün komanda baş verənlərin səbəblərini aradan qaldırmalıdır.

Olimpiya çəkiləri: hələlik suallar cavablardan çoxdur

Astanadakı nəticələrə Olimpiya proqramına daxil olan altı çəki üzrə baxdıqda mənzərə daha aydın görünür.

60 kq-da Murad Məmmədov dörddəbir finala qədər irəliləyib. O, bu mərhələdə qazaxıstanlı Aydos Sultanqaliyə 1:4 hesabı ilə uduzub. Bu çəkini gücləndirmək üçün Nihat Məmmədlinin də namizədliyi nəzərdən keçirilə bilər. Əgər fiziki imkanları gücünü və funksional hazırlığını itirmədən 63 kq-dan 60 kq-a enməyə imkan verərsə, məşqçilər korpusu bu variantı ciddi qiymətləndirməlidir.

67 kq-da əsas namizəd Həsrət Cəfərov olaraq qalır. Astanadakı uğursuzluğa baxmayaraq, onun beynəlxalq təcrübəsi və mübarizə səviyyəsi lisenziya yarışlarında uğur qazanmağa ümid verir.

Süleymanovun dünya çempionu olması 77 kq-da vəziyyəti daha əlverişli edir.

Ən çətin vəziyyət isə üç ağır Olimpiya çəkisində yaranıb. İslam Abbasov (87 kq) gələcək dünya çempionu, Bolqarıstan təmsilçisi Semyon Novikova qarşı 5:0 hesabı ilə öndə olsa da, qələbəni əldən verib. Görüşün bitməsinə cəmi 10 saniyə qalmış həlledici fəndə məruz qalıb.

Murad Əhmədov (97 kq) dörddəbir finalda belaruslu Kirill Maskeviçə 4:5 hesabı ilə uduzub, daha sonra təsəlliverici görüşdə də məğlub olub. Sərxan Məmmədov (130 kq) isə mübarizəni 1/8 finalda başa vurub. O, belaruslu Pavel Qlinçuka 2:6 hesabı ilə uduzub.

Bu çəkilərdə məşqçilər korpusu yalnız buraxılan səhvlər üzərində işləməklə kifayətlənməməli, daxili rəqabət imkanlarını da qiymətləndirməlidir. Məsələn, qeyri-Olimpiya çəkisi olan 82 kq-da çıxış edən Qurban Qurbanovun 87 kq-da özünü sınaması mümkün variantlardan biri ola bilər. Bununla belə, belə keçid onun fiziki imkanları və daha ağır rəqiblərə uyğunlaşması baxımından ayrıca qiymətləndirilməlidir.

Qurbanov özü də Astanada uğura yaxın olub. O, qırğızıstanlı Akjol Mahmudova 6:7 hesabı ilə uduzaraq görüşün sonlarında üstünlüyünü əldən verib. Digər qeyri-Olimpiya çəkisi olan 72 kq-da mübarizə aparan Ülvi Qənizadə isə dörddəbir finalda aldığı diz zədəsinə görə turnirdə çıxışını dayandırıb.

Beləliklə, Azərbaycan millisinin çıxışında ortaq problem diqqət çəkir: bir neçə güləşçimizin daha yüksək nəticə qazanmaq üçün real şansı olsa da, onlar həlledici anlarda üstünlüklərini qoruya bilməyiblər.

Las-Veqas mundialına 11 aydan az qalır

Baş məşqçi Məhəmməd Banə dünya çempionatından sonra komandanın beş-altı medal qazanacağını gözlədiyini etiraf edib. O, ayrı-ayrı məğlubiyyətlərə görə məsuliyyəti üzərinə götürüb və ilk növbədə idmançılarla psixoloji işin vacibliyini vurğulayıb.

Bu fikirlə razılaşmamaq çətindir. Dünya çempionatı göstərdi ki, Azərbaycan millisi texniki baxımdan dünyanın ən güclü komandaları ilə rəqabət aparmaq gücündədir. Lakin maksimum nəticələrə nail olmaq üçün qələbəyə yaxın olduğu görüşləri sona qədər üstünlüklə başa vurmağı bacarmalıdır.

Səhvləri düzəltmək üçün vaxt çox deyil. Artıq 2027-ci il sentyabrın 11–19-da Las-Veqasda keçiriləcək dünya çempionatında 2028-ci il Olimpiadasına ilk lisenziyalar uğrunda mübarizə aparılacaq. Olimpiya çəkilərinin hər birində medal qazanan dörd idmançının ölkəsinə lisenziya veriləcək.

Həmin yarışın başlanmasına 11 aydan az vaxt qalıb. Bu müddətdə Olimpiya çəkilərində heyət məsələsi dəqiqləşdirilməli, idmançıların mümkün çəki dəyişiklikləri qiymətləndirilməli və ən əsası, komandanın psixoloji dayanıqlığı artırılmalıdır.

Astana Azərbaycan yunan-Roma güləşinin yüksək potensialını təsdiqlədi. Əzizlinin beşinci qızıl medalı və Süleymanovun çoxdan gözlədiyi dünya çempionluğu turnirin əsas hadisələri oldu. Lakin növbəti dünya çempionatı millidən bir qədər fərqli nəticə tələb edəcək: əsas məsələ medalların ümumi sayından çox, məhz Olimpiya çəkilərində uğur qazanmaqdır.

Çünki indi başlıca məqsəd dünyanın güclü güləş ölkələri arasında mövqeyi qorumaqla yanaşı, bu potensialı Olimpiya lisenziyalarına və Los-Ancelesdə qazanılacaq medallara çevirməkdir.

İdman.Biz