Bu gün, oktyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında qadınların mübarizəsinə start veriləcək. Azərbaycanı yarışda üç idmançı təmsil edəcək. Onlardan ikisi ilk gündən medallar uğrunda mübarizəyə qoşulacaq.
İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Jalə Əliyeva təsnifat mərhələsində Macarıstan təmsilçisi Tamara Dollakla qarşılaşacaq.
Hər iki güləşçi Avropa çempionatlarının bürünc mükafatçısıdır. Əliyeva bu uğura cari ildə, Dollak isə 2022-ci ildə nail olub.
65 kq çəki dərəcəsində səkkizinci nömrə altında yer alan Birgül Soltanova təsnifat mərhələsini buraxaraq mübarizəyə səkkizdəbir finaldan başlayacaq. Onun ilk rəqibi ilkin görüşün nəticəsinə əsasən müəyyənləşəcək.
Azərbaycan təmsilçisi dörddəbir finala yüksələrsə, dünya reytinqinin lideri, birinci nömrə altında yer alan rusiyalı Alina Kasabiyeva ilə qarşılaşa bilər. 2025-ci il dünya çempionatının gümüş mükafatçısı və 2026-cı il Avropa çempionu da əvvəlcə səkkizdəbir final mərhələsini keçməlidir.
Soltanova ilə Kasabiyeva bu ilin aprelində Tiranada keçirilən Avropa çempionatının yarımfinalında üz-üzə gəliblər. Gərgin keçən görüşdə rusiyalı güləşçi 11:10 hesabı ilə qalib gəlib. Beləliklə, Astanada onların yenidən qarşılaşması mümkündür.
Azərbaycanın üçüncü təmsilçisi Ruzanna Məmmədova (59 kq) mübarizəyə oktyabrın 29-da qoşulacaq. Onun ilk rəqibi yaponiyalı Natsuki Yamaquçi olacaq.
Yamaquçi bu yaxınlarda Las-Veqasda keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, Astanada qadın güləşi üzrə yarışlar oktyabrın 30-dək davam edəcək.
Hazırda Azərbaycan millisinin hesabında iki qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.
