“Neftçi” İdman Klubunun yunan-Roma güləşi üzrə komandasının baş məşqçisi Elnur Müzəffərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycan güləşçilərinin çıxışlarını dəyərləndirib.
İdman.Biz Report-a istinadən xəbər verir ki, mütəxəssis Eldəniz Əzizlinin qızıl medal qazanacağına əvvəlcədən böyük inamlarının olduğunu bildirib.
“Uşaqların hamısı məşqlərdə necə lazımdırsa, hazırlaşmışdılar. Hər biri “Neftçi” İdman Klubunun üzvüdür. Bütün güləşçilərimiz çempion olmaq məqsədilə yarışa yola düşüblər. Eldəniz Əzizlinin dünya çempionu olacağına inamımız var idi. Həmçinin Həsrət Cəfərov və Nihat Məmmədlidən gözləntilərimiz böyükdür. Sərxan Məmmədov böyüklər arasında ilk dəfə dünya çempionatında iştirak edir, burada təcrübə amili də rol oynayır”.
Müzəffərov bəzi idmançıların nəticələrinin gözlənilməz olduğunu vurğulayıb:
“İslam Abbasovun məğlubiyyəti gözlənilməz oldu. Ülvi Qənizadəyə zədə özünü göstərməyə imkan vermədi, Sənan Süleymanov isə zədəsi ola-ola sonadək mübarizə apardı. Murad Əhmədiyev olimpiadadan sonra özünü göstərməli idi, amma alınmadı. Nihat Məmmədlidən gözləntimiz qızıl medaldır. Ən azı gümüş medal qazanacağına ümid edirəm. Həsrət Cəfərovun da çempion olacağına ümid bəsləyirdik. Bir neçə medal qazanacağımızı düşünürəm”.
Baş məşqçi sərbəst və qadın güləşçilərin də medal imkanlarına toxunub:
“Sərbəst güləş komandamız da yarışa çox yaxşı hazırlaşıb, pəhləvanlarımızdan medal gözləyirik. Qadın güləşçilərimizin də iki-üç medal qazanmaq imkanı var. Ümumilikdə millilərimizin turnirdən uğurla dönəcəyinə inanırıq”.
Qeyd edək ki, noyabrın birində başa çatacaq dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.
