İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

28 Oktyabr 2026 19:28
160
İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda  təntənəli qarşılanıblar

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğur qazanan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda iki qızıl və bir gümüş medal qazanaraq komanda hesabında ikinci yeri tutan yığmamızın təntənəli qarşılanma mərasimi keçirilib.

Millinin böyük məşqçisi Nurəddin Rəcəbov nəticəni tarixi uğur kimi qiymətləndirib:

“Bu dünya çempionatı çox güclü keçdi. Qızıl medallarımızı tarixi nəticə saymaq olar. Eldəniz Əzizli beşqat dünya çempionu oldu və Sənan Süleymanov olimpiya çəkisində 15 ildən sonra ölkəmizə DÇ-də qızıl medal qazandırdı. Qarşıdan gələn Olimpiya Oyunlarına ümidimiz daha da artdı. Çünki biz idmançıları bu yarışlarda görüb, tam hiss edirik ki, onlar nəyə qadirdir. Bəzi səhvlər var. Medallarımız daha çox ola bilərdi. Bəzi görüşlərdə tələskənliklər oldu. Bu səhvləri aradan qaldıra bilərik. Dünyada ikinci yerə çıxmaq həqiqətən qürurvericidir. Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. İlboyu təlim-məşq toplantılarıyla və vitaminlərlə təmin olunduq. Bu medallarda əziyyəti olan valideynlərə və bütün məşqçilərə təşəkkür edirəm”.

Beşinci dəfə dünya çempionu olan Eldəniz Əzizli (55 kq) komandanın uğurundan sevinc duyduğunu bildirib:

“Həqiqətən çox sevincliyik, xüsusi hisslər keçiririk. Sevincli olmağımızın səbəbi tək özümüz üçün yox, həm də komanda üçündür. Dünya ikincisi olmağımız Azərbaycan idmanı üçün böyük nəticədir. Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Müəyyən səhvlərimiz var. Onları düzəldib, yeni ildən yarışlara start verərək daha uğurlu nəticələr qazanmağa çalışacağıq”.

77 kq çəki dərəcəsində dünya çempionu olan Sənan Süleymanov üçüncü finalında nəhayət qızıl medal qazanmasından danışıb:

“Dünya çempionatında üçüncü dəfə finalda güləşdim. Həmişə bu kəmərin arzusunda olmuşam, dünya çempionu olmaq istəmişəm. İki dəfə finalda məğlub olmuşam, amma bu dəfə doğrudan da çox yaxşı hazırlaşmışdım və şükürlər olsun ki, bu dəfə istəyimə nail oldum, dünya çempionu oldum. Dünya çempionatında zəif rəqib yoxdur, hər biri ciddi rəqibdir. Dünya çempionatına getməmişdən bir müddət əvvəl rəqiblər bəlli olur. Təlim-məşq toplanışlarında bütün rəqibləri analiz edirik. Rəqiblərimə qarşı yaxşı hazırlaşmışdım. Allaha şükür ki, nəticə istədiyim kimi alındı”.

63 kq-da gümüş medal qazanan Nihat Məmmədli isə finaldakı məğlubiyyətinə baxmayaraq, növbəti yarışlarda dünya çempionu olmaq məqsədindən əl çəkməyəcəyini vurğulayıb:

“Özümə inanırdım. Məqsədim ikinci dəfə dünya çempionu olmaq idi. Final görüşünə də yaxşı başlamışdım. Sevimli fəndimi işlətdim. Amma daha sonra olanlar bir az planlarımı pozdu. Əks-fəndə düşdüm. Daha sonra rəqib xalda önə keçdi və məğlub oldum. Ruhdan düşmürəm. Yenidən eyni məqsədlə yoluma davam edəcəyəm”.

İdman.Biz