“Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister klubun rəhbərliyində baş verən dəyişikliklərdən sonra yeni müqavilə imzalamaq şansının yarana biləcəyini bildirib. Argentinalı futbolçu karyerasını İngiltərə təmsilçisində davam etdirmək istədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Mak Allister argentinalı jurnalist Qaston Edula müsahibəsində klubun əvvəlki mövqeyinə baxmayaraq, gələcəyi ilə bağlı bütün variantların açıq olduğunu deyib:
“Reallıq budur ki, baş məşqçi dəyişib, idman direktoru dəyişib və kluba yeni investorlar gəlir. Buna görə də düşünürəm ki, hazırda hər şeyin mümkün olduğu vəziyyətdəyəm. Gələcəkdə nə baş verəcəyini görəcəyik. Həmişə burada çox xoşbəxt olduğumu və oynamaqdan zövq aldığımı demişəm”.
Futbolçu ötən mövsüm klub rəhbərliyinin onunla müqaviləni uzatmağı planlaşdırmadığını bildirməsini də xatırladıb.
“Ötən mövsüm mənə dedilər ki, klubun planında ən azı həmin vaxt müqaviləmi yeniləmək yox idi. Bu, mənim üçün ağrılı və xoşagəlməz vəziyyət idi. Amma burada qalmaq mənim ən böyük istəyimdir”.
Mak Allister komanda yoldaşları Dominik Soboslai və Rayan Qravenberxin müqavilələrinin uzadılmasına da toxunub. Onun sözlərinə görə, hər iki futbolçu oxşar müqavilə vəziyyətində olsa da, klub onlarla yeni razılaşma əldə edib.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçinin “Liverpul”la hazırkı müqaviləsi 2028-ci ildə başa çatır.
