Dambrauskas “Vikinq”lə oyun öncəsi: “Əsas çətinlik futbolçuları sağlam saxlamaqdır”

4 Noyabr 2026 00:58
108
Dambrauskas “Vikinq”lə oyun öncəsi: “Əsas çətinlik futbolçuları sağlam saxlamaqdır”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının ümumi mərhələsində “Vikinq”lə səfər matçı öncəsi futbolçuların bərpasını əsas problem kimi göstərib. Litvalı mütəxəssis komandasının qarşılaşmaya hazır olduğunu, lakin sıx oyun qrafiki və uzun səfərlərin hazırlıq prosesini çətinləşdirdiyini bildirib.

İdman.Biz xəbər verir ki, Dambrauskas Norveçdə keçirilən mətbuat konfransında rəqibin oyunlarını ətraflı təhlil etdiklərini və taktiki hazırlığın tamamlandığını açıqlayıb.

“Vikinq”lə matça taktiki baxımdan digər oyunlara hazırlaşdığımız kimi hazırlaşmışıq. Rəqibin əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik. Onların bütün oyunlarını izləyirik. Bu komandanın güclü olduğunu görürük”.

Baş məşqçi “Sabah”da əhval-ruhiyyənin yüksək olduğunu, əsas diqqətin isə futbolçuların fiziki vəziyyətinə yönəldiyini söyləyib:

“Gələn bazar günü milli komandaların fasiləsindən sonrakı ilk oyunumuzdan 28 gün keçmiş olacaq və həmin müddətdə səkkiz oyun keçirmiş olacağıq. Yəni hər üç-dörd gündən bir meydana çıxırıq. Belə sıx qrafikdə həmişə xırda zədələr və zərbələr olur. Bununla belə, bu, hamımız üçün böyük oyun və çoxlarının arzusudur. Çempionlar Liqasında olmayan bir çox futbolçu mənim oyunçularımın yerində olmaq istəyərdi. Biz də bu turnirdə olduğumuz üçün xoşbəxtik”.

Dambrauskas komandanın Norveçə səfərinin də əlavə çətinliklər yaratdığını qeyd edib:

“Ötən cümə çox çətin oyun keçirdik. Çətinlik təkcə oyunun özü deyil, səfərlər dədir. Dünən Norveçə beş saatlıq uçuş etdik. Əvvəlki oyunumuzdan qabaq da həmin matça qatarla altı saat yol getmişdik, sonra geri qayıtmaq üçün də altı saatlıq səfərimiz oldu. Gecə saat dörd radələrində geri çatdıq. Belə olduqda bərpa üçün vaxt çox azalır. Bədən daim yorğun olur və məşq vaxtımız da azalır. Əsas çətinlik futbolçuları mümkün qədər dinc və sağlam saxlamaqdır. Bu, həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür. Texniki hazırlığa gəlincə, düşünürəm ki, biz hazırlaşmışıq”.

Mütəxəssis oyun üçün 23 futbolçunun hazır olduğunu, lakin onlardan bəzilərinin iştirakı ilə bağlı yekun qərarın məşqdən sonra veriləcəyini açıqlayıb:

“Sabah üçün ən hazır və ən yaxşı vəziyyətdə olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı qərarı isə bu axşamkı məşqdən sonra verəcəyik”.

Dambrauskas süni örtüklü meydançalarda oynamağın mümkün riskləri ilə bağlı sualı da cavablandırıb:

“Bu məsələyə münasibət bildirmək üçün özümü kifayət qədər səlahiyyətli hesab etmirəm. Bildiyim qədər, süni örtüklü meydançaların daha çox zədəyə və ya sağlamlığa zərərə səbəb olduğu sübut edilməyib. Mən Litvadan gəlirəm və orada iqlim şəraitinə görə təbii ot örtüyündə oynamağın nə qədər çətin olduğunu bilirəm. Mövsümə başlayırıq və təxminən aprelin sonuna, mayın əvvəlinə qədər süni örtüklü meydançalarda, bəzən isə qapalı zallarda oynayırıq. İqlim belədir və biz də şəraitə uyğunlaşırıq”.

Baş məşqçi 26 ildən sonra Norveçə qayıtması barədə də danışıb:

“26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Uzun vaxt keçib və bu müddətdə Norveçə yalnız indi qayıtmağıma özüm də təəccüblənirəm. Burada yenidən olmaq çox xoş və möhtəşəm hissdir. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq”.

Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz