“Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının tarixində daha bir mühüm göstəriciyə imza atıb. Almaniyalı futbolçu Lionel Messi və Tomas Mülleri geridə qoyaraq turnirdə ən çox oyun keçirən futbolçuların siyahısında üçüncü pilləyə yüksəlib.
İdman.Biz xəbər verir ki, Noyer Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda Madrid “Atletiko”su ilə qarşılaşmaya start heyətində çıxaraq turnirdə 164-cü oyununu keçirib.
Bununla da o, hərəyə 163 matçda iştirak etmiş Messi və Mülleri qabaqlayıb. Noyer eyni zamanda Çempionlar Liqasında ən çox oyun keçirən almaniyalı futbolçu rekordunun da yeganə sahibi olub.
Tarixi siyahıya 183 qarşılaşma ilə Kriştianu Ronaldu başçılıq edir. İkinci pillədə 177 oyunla İker Kasilyas qərarlaşıb.
Noyerin ən yaxın izləyicisi Kasilyasa çatması üçün daha 13 oyunda iştirak etməsi lazımdır.
