“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşdi - 1,5 illik müqavilə

4 Noyabr 2026 01:11
85
“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşdi - 1,5 illik müqavilə

“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşib. İstanbul təmsilçisi Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzalayıb.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, “Kasımpaşa”dan ayrılan 46 yaşlı mütəxəssis “Fənərbağça”da İsmail Kartalı əvəzləyəcək.

Klub rəhbərliyi əvvəlcə Serjiu Konseysau ilə danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyiblər. Türkiyə mətbuatında yayılan məlumatlara görə, portuqaliyalı mütəxəssisin müqavilə şərtləri və maaş tələbləri ilə bağlı fikir ayrılığı yaranıb. Digər mənbələr isə Konseysaunun maliyyə məsələlərindən asılı olmayaraq, Avropanın beş aparıcı liqasından birində işləmək istədiyi üçün təklifi qəbul etmədiyini bildiriblər.

Bundan sonra “Fənərbağça” rəhbərliyi Emre Belözoğlunun namizədliyinə üstünlük verib. Türkiyə mətbuatının məlumatına görə, “Kasımpaşa” mütəxəssisin ayrılmasına razılıq verib və İstanbul klubu bunun üçün təzminat ödəməyəcək.

Belözoğlu daha əvvəl də “Fənərbağça”da futbolçu, idman direktoru və məşqçi kimi çalışıb. O, 2021-ci ildə komandanı 10 çempionat matçına çıxarıb. İstanbul təmsilçisi həmin görüşlərdə yeddi qələbə qazanıb, iki dəfə heç-heçə edib və bir dəfə məğlub olub.

Xatırladaq ki, “Fənərbağça” Superliqada “Qalatasaray”a məğlub olduqdan sonra İsmail Kartalla yollarını ayırıb. Komandanı müvəqqəti olaraq Dirk Kuyt çalışdırır.

İdman.Biz