UEFA Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda keçirilən yeddi qarşılaşmada ümumilikdə 26 qol vurulub. PSJ “Vilyarreal”ı 6:0 hesabı ilə darmadağın edib, “Barselona” “Aston Villa” üzərində inamlı qələbə qazanıb. “Mançester Yunayted” isə “Roma” ilə görüşdə iki top fərqi ilə geridə olmasına baxmayaraq, hesabı öz xeyrinə dəyişməyi bacarıb.
İdman.Biz xəbər verir ki, gecənin ən böyükhesablı qələbəsini PSJ qazanıb. Paris təmsilçisi İspaniyada “Vilyarreal”ın qapısından altı cavabsız top keçirib.
Doqquzuncu dəqiqədə Joau Neveş hesabı açıb. Ardınca Dezire Due (12), Senni Mayulu (13) və Fabian Ruis (17) fərqləniblər. İkinci hissədə Ruis (50) dublunu rəsmiləşdirib, 78-ci dəqiqədə isə 17 yaşlı David Bolu yekun hesabı müəyyənləşdirib. Bu, gənc müdafiəçinin PSJ-də ilk qolu olub.
PSJ dörd oyundan maksimum 12 xal toplayaraq turnir cədvəlinin lideridir. “Vilyarreal” isə üç xalla 29-cu pillədə qərarlaşıb.
“Barselona” doğma meydanda “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib. Yeddinci dəqiqədə Lamin Yamal kataloniyalıları önə keçirib. Fasilədən sonra Rafinya 53-cü və 65-ci dəqiqələrdə fərqlənərək dubl edib.
Kataloniya təmsilçisi növbəti turda, noyabrın 25-də Azərbaycan klubu “Sabah”ın qonağı olacaq. “Aston Villa” isə noyabrın 24-də Türkiyədə “Qalatasaray”la qarşılaşacaq.
Gecənin ən dramatik oyunlarından biri Mançesterdə keçirilib. “Mançester Yunayted” “Roma”ya qarşı görüşdə 0:2 hesabı ilə geridə olsa da, yekunda 3:2 hesablı qələbə qazanıb.
Qonaqların heyətində Matias Sule 11-ci, Doniell Malen isə 18-ci dəqiqədə penaltidən fərqlənib. Bruno Fernandeş 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb.
83-cü dəqiqədə Mateus Kunya bərabərliyi təmin edib, üç dəqiqə sonra isə ikinci qolunu vuraraq mankunianlara qələbə qazandırıb. Bununla belə, braziliyalı futbolçu 90+1-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu qələbədən sonra “Mançester Yunayted” altı xalla 17-ci pilləyə yüksəlib. Dörd xalı olan “Roma” isə 19-cu yerdədir.
“Bavariya” Madriddə “Atletiko”nu 2:0 hesabı ilə məğlub edib. İlk hissədə qol vurulmayıb. 54-cü dəqiqədə Lennart Karl hesabı açıb, 74-cü dəqiqədə isə Konrad Laymer münhenlilərin üstünlüyünü möhkəmləndirib.
Almaniya klubu xallarının sayını səkkizə çatdıraraq səkkizinci pillədə qərarlaşıb. “Atletiko” isə dörd xalla 22-ci yerdədir.
“İnter” də səfərdə böyükhesablı qələbə qazanıb. Milan təmsilçisi Rotterdamda “Feyenoord”u 3:0 hesabı ilə məğlub edib.
Səkkizinci dəqiqədə Yann Bissek hesabı açıb. 34-cü dəqiqədə Françesko Espozito fərqi artırıb, 54-cü dəqiqədə isə Pyotr Zelinski üçüncü qolu vurub.
Bu nəticədən sonra “İnter” altı xalla 14-cü pillədə qərarlaşıb. Üç xalı olan “Feyenoord” isə 30-cu yerdədir.
Avstriyanın LASK klubu doğma meydanda Bratislava “Slovan”ını 4:0 hesabı ilə darmadağın edib.
Kasper Yorgensen 19-cu və 37-ci dəqiqələrdə fərqlənərək dubl edib. Robert Lyubiçiç 44-cü dəqiqədə üçüncü qolu vurub. Samuel Adeniran isə 48-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.
LASK növbəti turda, noyabrın 24-də Norveçdə “Budo-Qlimt”lə qarşılaşacaq. “Slovan” isə həmin gün “Betis”i qəbul edəcək.
Norveçdə keçirilən “Budo-Qlimt” - “Lill” qarşılaşmasında isə hesab açılmayıb - 0:0.
İlk hissədə qonaqlar daha fəal olsalar da, komandalar təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkiblər. Fasilədən sonra oyun nisbətən canlansa da, tərəflər qol vura bilməyiblər.
Bu nəticə “Budo-Qlimt”in avrokuboklarda ardıcıl altı ev qələbəsindən ibarət seriyasına son qoyub. Norveç təmsilçisi dörd oyundan sonra dörd, “Lill” isə bir xal toplayıb.
Növbəti turda “Budo-Qlimt” noyabrın 24-də LASK-ı qəbul edəcək. “Lill” isə noyabrın 25-də “Bavariya” ilə qarşılaşacaq.
23:45
Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Almaniyanın “Ştutqart” komandası üzərində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, İstanbulun “RAMS Park” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Görüşün taleyini rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun ilk hissənin əvvəlində vurduğu qollar həll edib.
Futbolçu 12-ci dəqiqədə hesabı açıb. Cəmi üç dəqiqə sonra yenidən fərqlənən Batrakov dublunu rəsmiləşdirib və komandasının üstünlüyünü iki topa çatdırıb.
Qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib və “Qalatasaray” doğma meydanda üç xal qazanıb.
Bu nəticədən sonra İstanbul təmsilçisi dörd oyunda altı xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Ştutqart” isə yeddi xalla səkkizinci yerdədir.
23:42
UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Şaxtyor” və “Sportinq” komandaları üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, Ukrayna və Portuqaliya təmsilçiləri arasında görüş İngiltərənin paytaxtı Londondakı “Stemford Bric” stadionunda keçirilib.
Qarşılaşma “Sportinq”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib.
59-cu dəqiqədə Lissabon klubunun yarımmüdafiəçisi İssa Dumbiya fərqlənərək komandasına qələbə qazandırıb.
Dörd turdan sonra “Şaxtyor” dörd xalla 36 komanda arasında 17-ci yerdə qərarlaşıb. “Sportinq” isə dörd oyunda topladığı doqquz xalla turnir cədvəlinin beşinci pilləsində yer alır.
09:23
Futbol üzrə UEFA Çempionlar Liqasında dördüncü tura bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, turun ilk günündə doqquz qarşılaşma baş tutacaq.
Türkiyənin “Qalatasaray” klubu evdə “Ştutqart”la üz-üzə gələcək.
“Sabah”ın rəqiblərindən “Barselona” İspaniyada “Aston Villa” ilə, “Vilyarreal” isə PSJ ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası, Əsas mərhələ
Dördüncü tur
3 noyabr
21:45 “Qalatasaray” (Türkiyə) - “Ştutqart” (Almaniya)
21:45 “Şaxtyor” (Ukrayna) - “Sportinq” (Portuqaliya)
23:59 “Barselona” (İspaniya) - “Aston Villa” (İngiltərə)
23:59 “Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya)
23:59 “Mançester Yunayted” (İngiltərə) - “Roma” (İtaliya)
23:59 “Feyenoord” (Niderland) - “İnter” (İtaliya)
23:59 “Budyo-Qlimt” (Norveç) - “Lill” (Fransa)
23:59 “Vilyarreal” (İspaniya) - PSJ (Fransa)
23:59 LASK (Avstriya) - “Slovan” (Slovakiya)
Qeyd edək ki, əsas mərhələsində dördüncü turun digər oyunları noyabrın 4-də keçiriləcək.
