Dakar-2026: Azərbaycanın iki güləşçisi mübarizəyə başlayır

7 Noyabr 2026 00:22
52
Dakar-2026: Azərbaycanın iki güləşçisi mübarizəyə başlayır

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulacaq. Yeddinci yarış gününü medalsız başa vuran komandamız isə ümumi medal sıralamasında 25-ci pillədə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, bu gün start götürəcək çimərlik güləşi yarışlarında Günel Kərimli 55 kq, Nihad Süleymanlı isə 80 kq çəki dərəcəsində çıxış edəcək.

Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Təmsilçilərimiz finala yüksələcəkləri təqdirdə, Günel Kərimli saat 20:55-də, Nihad Süleymanlı isə 21:15-də qızıl medal uğrunda mübarizə aparacaq.

Azərbaycan çimərlik güləşində ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki güləşçimiz noyabrın 8-də yarışlara qoşulacaq.

Bu arada, Olimpiya Oyunlarında yeddinci günün nəticələrinə əsasən, medal sıralamasına Çin başçılıq edir. Asiya təmsilçisinin aktivində doqquz qızıl, üç gümüş və iki bürünc medal var.

Yaponiya səkkiz qızıl, iki gümüş və dörd bürünc medalla ikinci, Rusiya isə dörd qızıl və iki gümüş medalla üçüncü yerdədir. İlk beşliyi Misir və Xorvatiya tamamlayır.

Azərbaycan millisinin hesabında hələlik bir qızıl medal var. Komandamızın yeganə mükafatını cüdo yarışlarında 55 kq çəki dərəcəsində çempion olan İbrahim Talıbov qazanıb.

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Olimpiya Oyunlarında 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın idmançı yarışır. Azərbaycan səkkiz idman növündə 13 idmançı ilə təmsil olunur.

İdman.Biz