“Gəncə” Avropa Kubokunda dördüncü məğlubiyyətini aldı - YENİLƏNİB

4 Noyabr 2026 23:03
1 146
“Gəncə” Avropa Kubokunda dördüncü məğlubiyyətini aldı

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi komanda C qrupunun beşinci turunda Rumıniyada “Universitatya Krayova” ilə qarşılaşıb və 96:105 hesabı ilə məğlub olub.

Krayovadakı “Sala Polivalenta” arenasında keçirilən görüşün ilk periodunu Azərbaycan təmsilçisi 23:20 hesabı ilə öndə başa vurub. Lakin fasiləyə meydan sahibləri 52:50 hesablı üstünlüklə yollanıblar.

Üçüncü perioddan sonra “Gəncə” yenidən önə keçib - 75:74. Sonuncu periodda isə Rumıniya klubu 31:21 hesabı ilə üstün olub və qələbə qazanıb.

“Gəncə”nin heyətində ən məhsuldar basketbolçu 25 xal toplayan Kobi Meqi olub. Latavius Mitçell 24, Ksavyer Rods və Montavius Merfi hərəyə 17, Bakari Kamara isə 10 xal qazanıblar.

Beləliklə, Azərbaycan klubu turnirdə keçirdiyi beş oyunun dördündə məğlub olub. “Gəncə” yalnız Portuqaliyanın “Sportinq” komandasına 69:67 hesabı ilə qalib gəlib.

11:20

“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniyanın Krayova şəhərində yerli “Universitatya Krayova” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Gəncə” FIBA Avropa Kubokunun C qrupunda keçirdiyi əvvəlki dörd oyunda bir qələbə qazanıb, üç məğlubiyyətlə üzləşib. Azərbaycan təmsilçisi Türkiyənin “Esenler Erokspor” klubuna 63:92, Yunanıstanın “Kolossos” komandasına 62:80 hesabı ilə uduzub. Bolqarıstanın “Rilski Sportist” klubu ilə matçda isə komandasına texniki məğlubiyyət verilib - 0:20. “Gəncə” son turda Portuqaliyanın “Sportinq” kollektivini 69:67 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.

Turnir cədvəlində “Gəncə” dörd xalla altıncı, rəqibi “Universitatya Krayova” isə beş xalla beşinci pillədə qərarlaşıb.

İdman.Biz