ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) keçirilən “Qolden Steyt Uorriors” - “Finiks Sans” oyunu qalmaqallı hadisə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, “Qolden Steyt Uorriors”un basketbolçusu Dreymond Qrin rəqib oyunçularla münaqişəyə girərək meydandan qovulub.
Hadisə görüşün üçüncü periodunda baş verib. Qrin səbət altında mübarizə zamanı rəqib komandanın üzvü Xaman Maluaçı yerə yıxıb. Bundan sonra “Finiks Sans”ın digər basketbolçusu Dillon Bruks komanda yoldaşını müdafiə etmək üçün hadisəyə müdaxilə edib.
Bu zaman Qrin Bruksun formasından tutaraq yumruğunu onun boynuna dirəyib. Hakimlər epizodu nəzərdən keçirdikdən sonra 36 yaşlı basketbolçuya iki texniki faul verərək onu meydandan kənarlaşdırıblar. Bruks da texniki faulla cəzalandırılıb.
Qrin qarşılaşmanı dörd xal, dörd ribaund və iki məhsuldar ötürmə ilə başa vurub. Buna baxmayaraq, “Qolden Steyt Uorriors” rəqibini 116:113 hesabı ilə məğlub edib. Bu, Qrinin NBA-nın müntəzəm mövsüm oyunlarında karyerası ərzində meydandan 23-cü qovulması olub.
