“Gəncə” basketbol komandasının baş məşqçisi Murad Dikmen ölkə çempionatının beşinci turunda NTD üzərində qazanılan 100:80 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis qarşılaşmadan sonra komandasının çətin oyun keçirdiyini, lakin fasilədən sonra vəziyyəti dəyişməyi bacardığını bildirib.
“İlk növbədə, hər iki komandanı göstərdikləri mübarizəyə görə təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Belə qarşılaşmalar həmişə çətin keçir. Çünki üç gün əvvəl Avropa Kubokunda ağır matçımız var idi və hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Üstəlik, hamının fikri Rumıniyada keçirəcəyimiz növbəti görüşdədir. Belə vəziyyətdə basketbolçuların diqqətini oyuna yönəltmək çox çətin olur”, - deyə Dikmen bildirib.
Baş məşqçi ilk dövrədə komandasının istənilən səviyyədə çıxış etmədiyini etiraf edib:
“İlk dövrəni yaxşı keçirmədik. Fasilədə bəzi məsələləri müzakirə etdik və lazımi düzəlişlərdən sonra oyunun gedişini dəyişdik. Daha yaxşı çıxış etdik, istədiyimiz basketbolu nümayiş etdirdik. Son periodda qarşılaşmaya nəzarət etdiyimiz üçün səfər oyununu da nəzərə alaraq rotasiyalara əl atdıq və təzyiqi azaltdıq. Nəticədə qələbə qazandıq”.
Murad Dikmen komandaya yeni qoşulduğunu və basketbolçularla uyğunlaşma prosesinin davam etdiyini vurğulayıb:
“Bura gəlməyimdən hələ bir həftə keçməyib. Beş gün ərzində iki oyun keçirmişik. Artıq komanda ilə bir-birimizə alışmağa başlayırıq. Kapitanımız və oyun qurucumuz Carvis Qarret zədəlidir. Digər zədəli basketbolçularımız da var. Risk edərək onları meydana buraxmadıq. Buna görə əsas yük yerli oyunçuların üzərinə düşdü. Onları təbrik edirəm, üzərlərinə düşən vəzifənin öhdəsindən gəldilər”.
Mütəxəssis komandanın qarşısına yüksək məqsədlər qoyduğunu da qeyd edib:
“Biz yaxşı komandayıq. Hədəflərimiz böyükdür. Daha da yaxşı olacağıq”.
