“LANDAU Lions” klubunun türkiyəli baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının beşinci turunda “Neftçi”yə 84:86 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra fikirlərini bölüşüb.
O, komandasının matça uğursuz başladığını, ikinci hissədə isə vəziyyəti düzəltməyə çalışdığını bildirib:
“Matça pis başladıq. İkinci hissədə toparlanmağa çalışdıq. Rəqib bizi daim təxribata çəkməyə çalışırdı. Təəssüf ki, hakimlər də bunu görmədilər. Onların hansısa tərəfi tutduğunu düşünmürəm, sadəcə bu təxribatları qeydə almadılar.
Nəticədə Ceyms Freyzer meydandan qovuldu. O, danışmamalı idi, danışdı və oyundan kənarlaşdırıldı. Bu da vəziyyətimizi bir qədər çətinləşdirdi. Freyzer bizim üçün vacib oyunçudur. Matçın sonlarına doğru oyuna qayıtmağa çalışdıq, lakin qələbə qazana bilmədik”.
E.Toker məğlubiyyətdən nəticə çıxaracaqlarını və növbəti matçlara daha yüksək motivasiya ilə hazırlaşmalı olduqlarını vurğulayıb:
“Oturub danışacaq, səhvlərimizi təhlil edəcəyik. İkinci hissədə nələri düzgün etdiyimizi də bilirik. Hər oyuna yüksək motivasiya ilə çıxmaq lazımdır. Bəlkə də əvvəlki matçın təsiri ilə bu gün komandamızın motivasiyası aşağı idi. Sonradan toparlanmağa çalışdıq, amma həmin vaxt rəqib artıq oyuna köklənmişdi və vəziyyəti dəyişmək çətinləşdi. Qalib gələn komandanı təbrik edirəm”.
