ABF rəsmisi klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirdi

2 Noyabr 2026 15:14
90
ABF rəsmisi klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirdi

“Həm Azərbaycan çempionatında, həm də avrokuboklarda komandalarımızın çıxışını müsbət qiymətləndirirəm. Hələlik qrup mərhələsində cəmi dörd tur geridə qalıb. Buna görə də növbəti mərhələyə yüksəlmək şansları barədə daha dəqiq danışmaq üçün qarşıdakı oyunları gözləməliyik. İnanıram ki, bütün təmsilçilərimizin şansı davam edir”.

Bu fikirləri Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz avrokuboklarda mübarizə aparan təmsilçilərimiz barədə danışarkən deyib.

O, “Sabah”ın Çempionlar Liqasının ən çətin qruplarından birində mübarizə apardığını söyləyib.

“Komanda səfərdə Litvanın “Ritas” və Türkiyənin “Trabzonspor” klubları ilə oyunlarda məğlub olsa da, hər iki qarşılaşmada yaxşı mübarizə nümayiş etdirdi. Təəssüf ki, son dəqiqələrdə qələbə qazanmaq mümkün olmadı. Daha sonra evdə Fransanın “Nanter” kollektivi üzərində vacib qələbə əldə edərək qrupdakı şanslarını qorudu. İndi “Sabah”ı “Trabzonspor”la çox vacib oyun gözləyir. Bu qarşılaşmada qalib gəlsələr, növbəti mərhələyə yüksəlmək üçün böyük şans əldə edəcəklər. Qrupda komandalar arasında ciddi fərq yoxdur və hər kəs bir-birinə qalib gələ bilər. Düşünürəm ki, “Sabah” son tura qədər qrupdan çıxmaq uğrunda mübarizəni davam etdirəcək”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

ABF rəsmisi FIBA Avropa Kubokunda çıxış edən komandaların da şanslarını dəyərləndirib:

“Neftçi”nin digər təmsilçilərimizlə müqayisədə bir qədər bəxtsiz olduğunu düşünürəm. Komanda bir neçə oyunda sona qədər mübarizə aparsa da, məğlubiyyətlə üzləşib. Üstəlik, zədəli basketbolçularına görə indiyədək tam heyətlə meydana çıxa bilməyib. Buna baxmayaraq, “Neftçi”nin mübarizəsini uğurlu hesab edirəm. Sadəcə, bu çıxışı nəticəyə çevirə bilməyib. “LANDAU Lions” və “Gəncə” isə son həftələrdə yaxşı oyunlarını qələbələrlə tamamlayıblar. “LANDAU Lions” Türkiyə çempionatının güclü komandalarından “Dənizli”yə, “Gəncə” isə Portuqaliyanın tanınmış klublarından “Sportinq”ə qalib gəlib. “Gəncə” basketbol tariximizdə ilk dəfə Avropa Kubokunda səfərdə qələbə qazanıb. Bu nəticələrin əhəmiyyətli olması üçün komandalarımız növbəti oyunlarda da eyni səviyyəni qorumalıdırlar”.

T.Zeytingöz “Sabah”ın imkanlarının digər klublarımızla müqayisədə daha yüksək olduğunu vurğulayıb:

“Çünki FIBA Çempionlar Liqasında qrupda üçüncü yeri tutan komanda da pley-in mərhələsində iştirak etmək imkanı qazanır. FIBA Avropa Kubokunda isə altı komandadan ibarət qrupda ilk üç yeri tutmaq lazımdır. Bu baxımdan, “Sabah”ın növbəti mərhələyə yüksəlmək şansını daha yüksək qiymətləndirirəm”.

İdman.Biz