Azərbaycanlı MMA döyüşçüsü Zaur Hacıyev Sankt-Peterburqda keçiriləcək ACA 211 turnirində Qazaxıstan təmsilçisi Artem Reznikovla revanş görüşünə çıxacaq.
İdman.Biz xəbər verir ki, Absolute Championship Akhmat (ACA) liqası dekabrın 25-də baş tutacaq döyüşü rəsmən təsdiqləyib. Təşkilat qarşılaşmanın afişasını “2026-cı ilin əsas revanşı. Son nöqtə qaçılmazdır” şüarı ilə təqdim edib.
Hacıyev və Reznikov arasında ilk döyüş iyulda Almatıda keçirilən ACA 205 turnirində baş tutub. Həmin qarşılaşmada qalib müəyyənləşməyib və hakimlərin bölünmüş qərarı ilə heç-heçə qeydə alınıb.
Lakin rəqabət bununla yekunlaşmayıb. Döyüşdən sonra idmançılar sosial şəbəkələrdə dəfələrlə bir-birinin ünvanına sərt açıqlamalar verərək revanşa marağı artırıblar.
Tərəflər arasındakı gərginliyə ACA prezidenti Maqomed Bibulatov da müdaxilə edib. O, münaqişənin yol verilən həddi aşacağı təqdirdə hər iki döyüşçüyə qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
İndi Hacıyev və Reznikov münasibətlərinə qəfəsdə aydınlıq gətirəcəklər. Onların revanşı ACA-nın 2026-cı ildəki son turnirinin qarşılaşmalarından biri olacaq.
