Şara Bullet UFC-də Adesanya ilə döyüşəcək: qarşılaşma rəsmiləşdi

8 Noyabr 2026 09:56
46
Şara Bullet UFC-də Adesanya ilə döyüşəcək: qarşılaşma rəsmiləşdi

Qarışıq döyüş sənətləri (MMA) üzrə UFC təşkilatı rusiyalı Şarabutdin Maqomedovla (Şara Bullet) keçmiş ikiqat çempion İsrael Adesanya arasında qarşılaşmanı rəsmən təsdiqləyib.

İdman.Biz xəbər verir ki, döyüş dekabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək UFC Fight Night turnirinin əsas qarşılaşması olacaq.

Orta çəki dərəcəsində (84 kq-dək) təşkil ediləcək döyüş beş raunddan ibarət olacaq.

32 yaşlı Maqomedov peşəkar karyerasında 17 qələbə qazanıb və cəmi bir dəfə məğlub olub. UFC-nin orta çəki reytinqində 15-ci pillədə qərarlaşan idmançı ilk dəfə təşkilatın turnirində əsas döyüşə çıxacaq.

Rusiyalı döyüşçü son qarşılaşmasını iyunun 27-də Bakıda keçirib. O, braziliyalı Mişel Pereyranı hakimlərin yekdil qərarı ilə məğlub edib.

37 yaşlı Adesanya isə UFC-nin orta çəki reytinqində doqquzuncu yerdədir. Peşəkar karyerasında 24 qələbəsi və altı məğlubiyyəti olan Yeni Zelandiya təmsilçisi ardıcıl dörd döyüşdə uduzub.

Onun son məğlubiyyəti martın 28-də ABŞ-nin Sietl şəhərində Co Payferə qarşı qarşılaşmada qeydə alınıb. Adesanya ikinci raundda texniki nokautla məğlub olub.

Qeyd edək ki, Maqomedov və Adesanya 2025-ci ilin fevralında Səudiyyə Ərəbistanında keçirilən eyni UFC turnirində iştirak ediblər. Həmin vaxt Maqomedov Maykl Peycə, Adesanya isə Nassurdin İmavova uduzub.

İdman.Biz