“Neftçi”nin liderliyi təhlükədə: “Kəpəz”dən gözlənilməz zərbə gələ bilər

“Neftçi”nin liderliyi təhlükədə: “Kəpəz”dən gözlənilməz zərbə gələ bilər

Azərbaycanın “Neftçi” futbol komandası bu gün Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”lə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, görüş “Palms Sports Arena”da keçiriləcək.

Saat 20:00-da başlayacaq oyunu Rəşad Əhmədov idarə edəcək. Ona Kamran Bayramov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim Niyaz Əhmədov olacaq.

VAR hakimi Əli Əliyev, AVAR hakimi isə Zöhrab Abbasov təyin olunub. Hakim-inspektor vəzifəsini Orxan Məmmədov, AFFA nümayəndəsi funksiyasını isə Erkin Hüseynov yerinə yetirəcək.

“Neftçi” 10 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. Bakı təmsilçisi keçirdiyi görüşlərdə altı qələbə qazanıb, üç heç-heçə edib və bir dəfə məğlub olub.

Paytaxt klubu ən yaxın izləyicisi “Sabah”ı bir, üçüncü pillədəki “Qarabağ”ı isə iki xal qabaqlayır. Bununla belə, hər iki rəqibi “Neftçi”dən bir oyun az keçirib.

“Kəpəz” isə doqquz qarşılaşmadan sonra 17 xalla beşinci pillədə qərarlaşıb. Gəncə təmsilçisi beş qələbə, iki heç-heçə və iki məğlubiyyətlə yadda qalıb.

“Neftçi” doğma meydanda qələbə qazanaraq liderliyini qorumağa çalışacaq. “Kəpəz” isə səfərdə üç xal əldə edəcəyi təqdirdə, turnir cədvəlinin yuxarı pillələrindəki rəqiblərinə daha da yaxınlaşacaq.

Qeyd edək ki, əvvəlki turda “Neftçi” səfərdə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib. “Kəpəz” isə doğma meydanda “İmişli” üzərində 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz