“Qarabağ” futbol klubu Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə səfər oyununda (0:0) Zakaria Savonun formasında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilməsinə görə tətbiq olunan cəzaya münasibət bildirib.
Bu barədə İdman.Biz-ə Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, hadisə texniki yanlışlıqdan qaynaqlanıb.
“Problem artıq aradan qaldırılıb. Təəssüf ki, texniki xarakterli yanlışlıq olub. Məsələ aşkarlandıqdan sonra operativ şəkildə həllini tapıb. Gələcəkdə belə halların yaşanmaması üçün lazımi diqqət göstəriləcək”, - deyə klubdan bildirilib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi bu səbəbdən “Qarabağ”ı 1500 manat cərimələyib.
“Qarabağ” 19 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Səkkiz xala malik “Qəbələ” isə 10-cu yerdədir.
