Əli Ataşov MMA üzrə dünya çempionatının bürünc medalını qazanıb

7 Noyabr 2026 09:48
66
Əli Ataşov MMA üzrə dünya çempionatının bürünc medalını qazanıb

Azərbaycanlı MMA döyüşçüsü Əli Ataşov 2026-cı il IMMAF Dünya çempionatının bürünc medalını qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan MMA Federasiyasının sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Gənclər arasında 88,4 kq (Super orta çəki) dərəcəsində mübarizə aparan Əli Ataşov Gürcüstanın Tbilisi şəhərində təşkil olunan yarışda uğurlu çıxışı ilə diqqət çəkib. O, ilk mərhələlərdə ardıcıl qələbələr qazanaraq, 1/8 finalda Özbəkistan təmsilçisi Akmal Şakirovu məğlub edib və yarımfinala vəsiqə əldə edib.

Yarımfinalda digər Özbəkistan idmançısı Doniyor Kuvandikovla qarşılaşan təmsilçimiz bu mərhələdə məğlub olub. IMMAF-ın yarış reqlamentinə əsasən, yarımfinalda uduzan hər iki idmançı əlavə üçüncü yer uğrunda görüş keçirmədən bürünc medalın sahibi sayılır. Beləliklə, Əli Ataşov dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı noyabrın 1-dən 7-dək davam edir. Yarışda 60-dan çox ölkədən 880-dən artıq idmançı iştirak edir.

Azərbaycan millisi turnirdə yeddi idmançı ilə təmsil olunur. Komandanın heyətində Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Məhəmmədqazı, Əli Ataşov və Elmir Allahverdiyev yer alıb. Yığmaya MMA Federasiyasının prezidenti Rövşən Həsənov rəhbərlik edir.

İdman.Biz