UFC-nin sabiq çempionları Kris Vaydman və Dastin Porye qarışıq döyüş növləri (MMA) tarixinin ən yaxşı döyüşçüləri ilə bağlı müzakirədə İliya Topuriyanın adını ön plana çıxarıblar.
İdman.Biz xəbər verir ki, keçmiş çempionlar Topuriyanın ən yaxşı formasında Konor Makqreqora qalib gələ biləcəyini bildiriblər.
“Deep Waters” verilişində aparıcı Din Tomas döyüşçülərə bütün dövrlərin ən yaxşı MMA təmsilçisinin kim olduğu barədə sual ünvanlayıb.
Vaydman bu suala cavab verərkən Topuriya ilə Makqreqorun ən güclü dövrlərindəki imkanlarını müqayisə etməyi təklif edib:
“İliya Topuriya və onun qələbələr seriyası... Eyni sözləri Konor Makqreqor haqqında da demək olar. O, 145 funt çəki dərəcəsində heç vaxt uduzmayıb. Bütün dövrlərin ən yaxşı döyüşçüsünü seçmək üçün ən güclü Topuriya ilə ən güclü Makqreqoru qarşılaşdırmaq lazımdır. Kim qalib gələrdi?”
Din Tomas tərəddüd etmədən Topuriyanı seçib. Vaydman isə gürcüstanlı döyüşçünün Aleksandr Volkanovski üzərində qələbəsini xatırladıb:
“Volkanovski ilə döyüşü əsas götürsəm, İliyanı seçərdim. Volkanovski tarixin ən böyük döyüşçülərindən biridir və yarımyüngül çəkidə, şübhəsiz, ən yaxşısıdır. Amma sırf döyüş bacarığı baxımından seçim etsək, Topuriyanı göstərmək lazımdır”.
Dastin Porye də həmkarının fikri ilə razılaşıb.
Müzakirədə BOAT və GOAT anlayışları arasındakı fərqə də toxunulub. BOAT (Best of All Time) bütün dövrlərin ən yaxşısını, GOAT (Greatest of All Time) isə bütün dövrlərin ən böyük idmançısını ifadə edir. Birinci anlayışda texniki bacarıq və idman səviyyəsi, ikincidə isə nailiyyətlər, nüfuz və idman növünə təsir ön plana çıxır.
Sabiq döyüşçülər Topuriyanın texniki imkanlarını yüksək qiymətləndiriblər. Bununla yanaşı, Makqreqorun MMA-nın dünyada populyarlaşmasındakı müstəsna rolunu da vurğulayıblar.
Qeyd edək ki, iki çəki dərəcəsində UFC çempionu olmuş Topuriya iyunda keçirilən “UFC Freedom 250” turnirində Castin Geyciyə məğlub olaraq peşəkar karyerasında ilk dəfə uduzub. Buna qədər o, ardıcıl 17 qələbə qazanıb.
