Dana Uayt Usman Nurməhəmmədov və Merab Dvalişvilini sərt tənqid etdi: “Axmaqlar dəstəsi” - VİDEO

13 Noyabr 2026 13:40
70
Dana Uayt Usman Nurməhəmmədov və Merab Dvalişvilini sərt tənqid etdi: “Axmaqlar dəstəsi”

UFC-nin rəhbəri Dana Uayt Əbu-Dabidə baş verən kütləvi davaya görə Usman Nurməhəmmədov və Merab Dvalişvilini sərt tənqid edib.

İdman.Biz xəbər verir ki, funksioner bu barədə "UFC 334" turnirinin mətbuat konfransında danışıb.

“Bunlar nə qədər axmaq adamlardır! Bu, tamamilə absurd hadisədir. Edilə biləcək ən böyük axmaqlıqdır - indi onların hamısı həbsdədir. BƏƏ belə şeylər etmək üçün yer deyil”, - deyə Uayt bildirib.

O, həmçinin Həbib Nurməhəmmədovun əmisi oğlu Usman Nurməhəmmədovun UFC-yə mümkün keçidi ilə bağlı sualı cavablandırıb. Uayt bildirib ki, döyüşçünün hələ PFL (Professional Fighters League) ilə müqaviləsi davam edir və hazırda onunla danışıqlar aparılmır.

Xatırladaq ki, Əbu-Dabidəki kütləvi dava "Real American Freestyle" (RAF) turniri ərəfəsində, hotelin dəhlizində baş verib. Merab Dvalişvili müsahibə verərkən Usman Nurməhəmmədov bir qrup şəxslə birlikdə ona yaxınlaşıb. “Sənə bir sualım var” deyən U.Nurməhəmmədov gürcü döyüşçüyə şillə vurub. Bundan sonra tərəflər arasında kütləvi dava başlayıb.

Hadisədən sonra Əbu-Dabi polisi insidentdə iştirak edən səkkiz nəfəri, həmçinin davanı lentə alan iki şəxsi saxlayıb. Beləliklə, saxlanılanların ümumi sayı 10-a çatıb.

İdman.Biz