Həbib Nurməhəmmədov Merab Dvalişviliyə dəstək verən Xviça Kvaratsxeliyanı izləmədən çıxardı - FOTO

13 Noyabr 2026 12:25
51
Həbib Nurməhəmmədov Merab Dvalişviliyə dəstək verən Xviça Kvaratsxeliyanı izləmədən çıxardı - FOTO

UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov “PSJ”nin gürcü futbolçusu Xviça Kvaratsxeliyanı “Instagram”da izləmədən çıxarıb. Buna səbəb futbolçunun həmyerlisi Merab Dvalişvilini açıq şəkildə dəstəkləməsi və Əbu-Dabidə baş verən kütləvi davanın iştirakçılarının hərəkətlərini sərt şəkildə tənqid etməsi ola bilər.

İdman.Biz xəbər verir ki, Kvaratsxeliyanın hesabı artıq Nurməhəmmədovun izlədikləri siyahısında görünmür. Ehtimal olunur ki, bu qərar futbolçunun Həbibin əmisi oğlu Usman Nurməhəmmədovun ətrafına ünvanladığı açıqlama ilə bağlıdır.

Hadisəyə noyabrın 11-də Əbu-Dabidəki hotellərdən birində baş verən insident səbəb olub. Dvalişvili müsahibə verərkən Usman Nurməhəmmədov ona yaxınlaşıb. Bundan sonra idmançılar və onların müşayiətçiləri arasında kütləvi dava başlayıb.

Kvaratsxeliya Dvalişviliyə və münaqişənin iştirakçılarından olan digər gürcü idmançı Saba Lazişviliyə dəstək verib.

“Mеrаb, Saba! Təşəkkür edirəm, biz sizin yanınızdayıq! Siz dünyaya bir daha gürcü, kişi və insan olmağın nə demək olduğunu göstərdiniz. Kişilər arxadan xaincəsinə yaxınlaşaraq say üstünlüyündən istifadə etməklə kiməsə qalib gəlməyə çalışanlar kimi davranmırlar”, – deyə futbolçu sosial şəbəkədə yazıb.

Maraqlıdır ki, Həbib hələ iyul ayında Kvaratsxeliyanı Vitinya, Kilian Mbappe, Lamin Yamal və Usman Dembele ilə birlikdə hazırda çıxış edən sevimli futbolçuları sırasında göstərmişdi.

Bununla belə, Həbib izlədiyi şəxslər siyahısındakı dəyişikliyi hələlik izah etməyib və əmisi oğlunun iştirakı ilə baş verən münaqişəyə münasibət bildirməyib. Buna görə də onun qərarı ilə Kvaratsxeliyanın açıqlaması arasındakı əlaqə hələlik ehtimal olaraq qalır.

Qeyd edək ki, davadan sonra Əbu-Dabi polisi insidentdə iştirak edən səkkiz nəfərin saxlanıldığını açıqlayıb. İş üzrə materiallar prokurorluğa göndərilib.

İdman.Biz