PFL-in (Professional Fighters League) yüngül çəkidə (70 kq) məğlubiyyətsiz çempionu Usman Nurmaqomedovun meneceri Əli Əbdül-Əziz idmançının gələcəyi ilə bağlı danışıb.
İdman.Biz xəbər verir ki, menecer bu barədə "MMA Junkie"yə açıqlamasında bildirib.
Əbdül-Əziz Nurmaqomedovun dünyanın ən yaxşı döyüşçülərindən biri olduğunu vurğulayıb. O, Əbu-Dabidə baş verən insidentin Usmana, məşqçisi Həbib Nurmaqomedova və onların ətrafındakı digər şəxslərə təsir edəcəyini söyləyib.
“Usmanın karyerasına gəlincə, o, dünyanın ən yaxşı döyüşçülərindən biridir. Təbii ki, bu hadisə həm ona, həm Həbibə, həm də hər kəsə təsir edəcək. Amma hazırda məni onun döyüş karyerası narahat etmir. Mən onun sağlamlığından və bu hadisədən sonra necə bərpa olunacağından narahatam”, - deyə menecer bildirib.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidəki hotellərdən birində Usman Nurmaqomedov və komandası ilə gürcüstanlı sabiq UFC çempionu Merab Dvalişvili arasında insident baş verib. Hadisə zamanı Dvalişviliyə hücum edilib və tərəflər arasında kütləvi dava yaşanıb.
