Qətərin paytaxtı Dohada keçirilən “UFC Fight Night 294” turniri gözlənilməz nəticə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, gecənin əsas qarşılaşmasında yeni zelandiyalı Navaxo Stirlinq UFC-nin yarımağır çəkidə sabiq çempionu, çexiyalı İrji Proxazka ilə üz-üzə gəlib.
Gərgin keçən ilk raunddan sonra Stirlinq ikinci hissənin son saniyələrində güclü sağ əl zərbəsi ilə rəqibini nokauta salıb. Hakim raundun bitməsinə cəmi iki saniyə qalmış döyüşü dayandırıb.
Bu qələbə ilə 12-ci uğurunu qazanan yeni zelandiyalı idmançı məğlubiyyətsiz seriyasını davam etdirib. O, həmçinin gecənin ən yaxşı çıxışlarından birinə görə UFC tərəfindən 100 min dollar bonusla mükafatlandırılıb.
2022-ci ilin iyununda braziliyalı Qlover Teyşeyranı məğlub edərək UFC çempionu olan Proxazka isə növbəti dəfə ağır zərbə alıb. Çexiyalı döyüşçü həmin ilin sonunda zədə səbəbindən çempionluq kəmərindən imtina etmək məcburiyyətində qalıb.
Stirlinqin sabiq çempion üzərində qələbəsi onun yarımağır çəkidə titul uğrunda mübarizəyə qoşulmaq imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
