“Son döyüşü özüm üçün qələbə hesab edirəm. TUF-da finala çıxmaq hər döyüşçüyə qismət olmur. Buna da şükr edirəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri UFC döyüşçü Məhəmmədəli Osmanlı Bakıda təşkil edilən onlayn videokonfransda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Təmsilçimiz hazırkı fiziki formasından və qarşıdakı rəqibinin üstün cəhətlərindən söz açıb:
“Axırıncı döyüşlə müqayisədə özümü qat-qat güclü hesab edirəm. Gənc olmağım üstünlüyümdür. Karyeramın ən yaxşı vəziyyətindəyəm.
Son döyüşəcəyim rəqib əlləri ilə güclü işləyir, yaxşı güləşir. Nokautlara üstünlük verir. Amma ayaq üstə mənlə çətin olacaq”.
Xatırladaq ki, 22 yaşlı idmançı dekabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq turnirdə moldovalı Pavel Andruşka ilə qarşılaşacaq.
Qeyd edək ki, Məhəmmədəli Osmanlının son döyüşü TUF-34-ün finalı çərçivəsində Akılbek Uuluya qarşı olub. ABŞ-nin Las-Veqas şəhərindəki “Meta APEX” arenasında keçirilən qarşılaşma “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turnirinin proqramına daxil edilib.
Görüşün ikinci dəqiqə 19-cu saniyəsində Osmanlı rəqibinin başına diz zərbəsi endirib. Qırğızıstanlı döyüşçü qarşılaşmanı davam etdirə bilməyib. Nəticədə azərbaycanlı idmançı qayda pozuntusuna görə diskvalifikasiya olunub və qələbə rəqibinə verilib.
Osmanlı ilə Akılbek Uulu arasında “TUF 34”ün finalından əvvəl də gərginlik yaşanıb. Hər iki döyüşçü realiti-şouda iştirak etdikləri müddətdə münaqişə ilə gündəmə gəliblər. Onların final qarşılaşmasından əvvəl UFC-nin aktiv döyüşçülər siyahısına daxil edilməsi də diqqət çəkib.
