Tahir Abdullayev: “Son qələbəm illərlə çəkdiyim əziyyətin nəticəsi idi”

25 Noyabr 2026 14:43
56
Tahir Abdullayev: “Son qələbəm illərlə çəkdiyim əziyyətin nəticəsi idi”

“Hər bir insanın arzusu olur. Mən 15 yaşımdan bu yoldayam. Son qələbəm uzun illər çəkdiyim əziyyətin nəticəsi idi”.

İdman.Biz xəbər verir ki, bu sözləri UFC döyüşçüsü Tahir Abdullayev bu gün Bakıda təşkil edilən onlayn videokonfransda deyib.

İdmançımız hazırlıq prosesindən, çəki mərasimində yaşadığı çətinliklərdən və qələbə təəssüratlarından söz açıb:

“Məşqlərim Bakıda və Mahaçkalada olub. Çəki mərasimində müəyyən problemlərim yarandı. Gücümün çoxu çəkiatmada itdi. Bir saata yaxın saunada vaxt keçirirdim. Son döyüşümdən həm özüm, həm də məşqçilərim razı qaldılar”.

“İstərdim ki sosial şəbəkələrdə mənə dəstək olsunlar. Təəssüf ki, bir sıra sosial şəbəkə fəalları bizim qələbəmizi o qədər də işıqlandırmırlar. Amma bir məğlubiyyət olmağı ilə dərhal üzərimizə gəlirlər, daha çox suallar, qınaqlar yağır. Biz axı tək özümüz üçün yox, həm də Azərbaycan bayrağı üçün döyüşürük”, - deyə Abdullayev söyləyib.

Qeyd edək ki, noyabrın 21-də Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində təmsilçimiz avstraliyalı Ceyk Mettyusu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.

O, UFC-də debütünü cari ilin iyununda Bakıda keçirilən “UFC Fight Night” turnirdə gerçəkləşdirib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.

İdman.Biz