UFC-nin sabiq çempionu Alcameyn Sterlinq Usman Nurməhəmmədov və onun komandasını sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, ABŞ-li döyüşçü BƏƏ-nin paytaxtı Abu-Dabidə Merab Dvalişvili ilə yaşanan insidentə münasibət bildirərək hadisədə iştirak edənlərin cəzalandırılmasını tələb edib.
“Buna zərrə qədər hörmət edə bilmərəm. Hadisəni görəndən sonra həmin adamlara olan bütün hörmətimi itirdim. Burada hörmətə layiq nə var? Düşünürəm ki, onlar lənətə gəlmiş həbsxanada qalmalı idilər. Vəssalam! Bu adamlar daim məsuliyyətdən yayınırlar. Onlar qanundan üstün deyillər, amma görünür, özlərini qanundan üstün hesab edirlər”, - deyə Sterlinq bildirib.

Hadisə 11 noyabrda Abu-Dabidə RAF liqasının media günü zamanı baş verib. Dvalişvili müsahibə verərkən Usman Nurməhəmmədov bir neçə nəfərlə birlikdə ona arxadan yaxınlaşıb və zərbə endirib. Daha sonra qarşıdurmanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Mənbənin məlumatına görə, 13 noyabrda Usman Nurməhəmmədov və davada iştirak edən daha yeddi nəfər, o cümlədən qardaşı Umar saxlanılıb. Onlara ictimai asayişi pozmaq və insanların həyatına təhlükə yaratmaq ittihamları ilə cərimələr də tətbiq olunub.
16 noyabrda isə Həbib Nurməhəmmədovun yerli hakimiyyət nümayəndələri ilə danışıqlarından sonra Usman, Umar və komandanın digər üzvlərinin azadlığa buraxılması barədə məlumat yayılıb.
Hadisə ilə bağlı məhkəmə qərarına əsasən, ümumilikdə 10 nəfər təqsirli bilinib. Onlardan bir neçəsinə həbs və pul cəzası verilib. Sonradan Usman və Umar Nurməhəmmədovların azadlığa buraxıldığı təsdiqlənib.
