Yarım ağır çəkidə UFC çempionu Karlos Ulberq zədə səbəbindən əməliyyat keçirib.
İdman.Biz xəbər verir ki, aprelin 12-də keçirilən “UFC 327” turnirinin əsas döyüşündə Ulberq vakant kəmər uğrunda İrji Proxazka ilə qarşılaşıb. Döyüş zamanı epizodların birində Karlos geri addım ataraq zərbə endirərkən dizindən zədə alıb və bundan sonra ayağı üzərində tam dayana bilməyib.
Proxazka rəqibini bitirmək üçün hücuma keçsə də, əks-hücumda buraxdığı səhv ona baha başa gəlib - Ulberq sol kroşe ilə(yan tərəfdən gələn yumruq – red.) nokaut qələbəsi qazanıb.
Qələbədən bir həftə keçməmiş döyüşçü sosial şəbəkə hesabında xəstəxanadan fotosunu paylaşaraq “Dizimdən əməliyyat olundum” yazıb.
Zədənin dəqiq xarakteri və hansı bağların zədələndiyi barədə hələlik əlavə məlumat verilməyib.
