Tramp Ağ Evdəki tədbir fonunda UFC sahibinin səhmlərini alıb

30 May 2026 02:07
349
Tramp Ağ Evdəki tədbir fonunda UFC sahibinin səhmlərini alıb

ABŞ prezidenti Donald Tramp Ağ Evin çəmənliyində keçiriləcək UFC tədbirini fəal şəkildə təşviq etməzdən qısa müddət əvvəl “TKO Group Holdings”in (UFC və WWE-nin sahibi) səhmlərini satın alıb.

İdman.Biz bildirir ki, bu barədə “HuffPost” Trampın maliyyə bəyannaməsinə istinadən məlumat verir.

Dərc olunmuş məlumatlara görə, 25 martda Tramp 15.000 ilə 50.000 dollar arasında dəyərində “TKO Group Holdings” səhmlərini alıb. Daha sonra o, 14 iyunda Ağ Ev ərazisində keçiriləcək və ABŞ müstəqilliyinin 250 illiyinə təsadüf edəcək “UFC Freedom 250”ni fəal şəkildə təşviq etməyə başlayıb.

Tənqidçilər artıq prezidenti potensial maraqlar toqquşmasında günahlandırıblar. Vaşinqtonda Vətəndaşların Məsuliyyət və Etika üzrə nümayəndəsi Cordan Libovits bildirib ki, Trampın investisiya qoyduğu bir şirkətin təşviqi üçün Ağ Evdən istifadə ictimai və şəxsi maraqların qarışmasının ən bariz nümunələrindən biridir.

Tramp özü əvvəllər qarşıdan gələn tədbiri “Yer üzündəki ən böyük şou” adlandırmışdı. Tədbir prezidentin uzun müddətli müttəfiqi Dana Uaytın rəhbərlik etdiyi UFC tərəfindən təşkil olunur.

İdman.Biz