Siril Qan Pereyranı nokautla hədələdi

1 İyun 2026 09:13
126
Siril Qan Pereyranı nokautla hədələdi

UFC döyüşçüsü Siril Qan Vaşinqtonda keçiriləcək “UFC White House - Freedom 250” turnirində Aleks Pereyranı nokauta salacağını bildirib.

İdman.Biz “Ringside24”ə istinadən xəbər verir ki, keçmiş müvəqqəti UFC ağır çəki çempionu braziliyalı rəqibinin zərbə gücündən çəkinmədiyini deyib.

“Ağır çəki mənim divizionumdur. Mən fərqliyəm. Aleks Pereyranın çox güclü nokaut zərbəsi var, amma bundan qorxmuram. Onu nokauta salacağam”, - deyə döyüşçü vurğulayıb.

Qanla Pereyra arasında döyüş “UFC White House - Freedom 250” turnirinin əsas döyüşlərindən biri olacaq. Yarışın əsas qarşılaşmasında İliya Topuriya Castin Geyci ilə üz-üzə gələcək, Qan - Pereyra dueli isə ağır çəkidə müvəqqəti titul uğrunda keçiriləcək.

Pereyra bu döyüşdə qalib gəlsə, UFC tarixində üç fərqli çəkidə çempion olan ilk döyüşçü olmaq şansı qazanacaq. Braziliyalı idmançı daha əvvəl orta və yarımağır çəkidə UFC titullarına sahib çıxıb.

Siril Qanın peşəkar MMA karyerasında 13 qələbə, iki məğlubiyyət və bir nəticəsiz döyüş var. Fransalı ağırçəkili altı qələbəsini nokautla, üç qələbəsini isə sabmişnlə qazanıb.

İdman.Biz