UFC azərbaycanlı döyüşçünü hansı halda 5 milyon dollar cərimələyə bilər? – İDMAN.BİZ-in İCMALI

1 İyun 2026 17:07
75
UFC azərbaycanlı döyüşçünü hansı halda 5 milyon dollar cərimələyə bilər? – İDMAN.BİZ-in İCMALI

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-nin “The Ultimate Fighter” realiti-şousunun 34-cü mövsümündə iştirak etməyə hazırlaşır. Layihənin startı iyunun 14-nə planlaşdırılıb.

İdman.Biz xəbər verir ki, Məhəmmədəli Osmanlı hazırda qarşıdakı şouya hazırlığın son mərhələsini keçir.

Layihənin yeni mövsümü Ağ Evin yaxınlığında, Vaşinqtonda baş tutacaq tarixi “UFC Freedom 250” turniri ilə eyni gündə başlayacaq. Belə təqvim “The Ultimate Fighter” (TUF-un) realiti-şousunun geri dönüşünü UFC üçün böyük media hadisəsinin bir hissəsinə çevirir.

Lakin Məhəmmədəli Osmanlının bu layihədə iştirakı yalnız dünyanın ən güclü liqasına düşmək şansı ilə bağlı deyil. TUF 34 iştirakçıları üçün hazırlanmış sənədlərdə məxfiliyə dair çox sərt qayda ayrıca qeyd olunub. Döyüşçülərə prodüserlərin və ya Paramount nümayəndələrinin icazəsi olmadan müraciət prosesi, seçim mərhələsi, iştirak, çəkilişlər, rəqiblər, nəticələr və şou ilə bağlı istənilən daxili məlumatı açıqlamaq qadağandır.

Bu tələbin pozulması iştirakçı üçün 5 milyon dollar məbləğində ödənişlə nəticələnə bilər. Sənəddə bu, adi cərimə kimi deyil, məxfi məlumatın yayılmasına görə əvvəlcədən müəyyənləşdirilmiş kompensasiya kimi göstərilib. Qadağa müqavilənin imzalandığı andan qüvvəyə minir və mövsümün son seriyasının yayımlanmasından sonra daha üç il davam edir.

Osmanlının iştirakı ilə bağlı məlumatların az olmasını da məhz bununla izah etmək olar. Seriyalar yayımlanana qədər döyüşçülər hansı komandaya düşdüklərini, kiminlə döyüşdüklərini, çəkilişlərin necə keçdiyini və çıxışlarının hansı nəticə ilə başa çatdığını ictimaiyyətə açıqlaya bilmirlər.

TUF 34-ün başqa özəllikləri də var. İştirakçılar 21-34 yaş aralığında olmalı, ABŞ-də yaşamaq və işləmək hüququna sahib olmalıdırlar. Xarici döyüşçülər isə cinayət keçmişi ilə bağlı yoxlama sənədi təqdim etməlidirlər. Bundan əlavə, anketdə zədələr, əməliyyatlar, həbslər, son bir ildə steroid istifadəsi və son altı ayda qadağan olunmuş maddələrdən istifadə ilə bağlı suallar da yer alır.

Digər qeyri-adi şərtlərdən biri odur ki, iştirakçı dövlət vəzifəsinə namizəd olmamalı və döyüş təşkilatları ilə qüvvədə olan bütün müqavilələrini açıqlamalıdır. Həmçinin şou ilə bağlı media ilə bütün əlaqələr yalnız səlahiyyətli nümayəndələr vasitəsilə həyata keçirilməlidir.

34-cü mövsümdə məşqçi qismində UFC-nin sabiq çempionları Daniel Kormye və Maykl Bispinq çıxış edəcəklər. Layihədə kişilər arasında yüngül çəki, qadınlar arasında isə minimum çəki dərəcəsində döyüşçülər yarışacaq və qaliblər UFC ilə müqavilə qazanmaq imkanı əldə edəcəklər. Osmanlı üçün bu, karyerasının ən vacib mərhələlərindən birinə çevrilə bilər.

İdman.Biz