UFC-nin ən yüngül çəki dərəcəsində sabiq çempionu Merab Dvalişvili yaxın dostu və həmyerlisi İliya Topuriya ilə birgə məşq etməməsinin səbəbini izah edib. Hazırda Topuriya Castin Qeytji ilə keçiriləcək birləşdirici döyüşə hazırlaşsa da, Dvalişvili onun hazırlıq düşərgəsində yer almamağa qərar verib.
İdman.Biz xəbər verir ki, Merab həmyerlisinin məşqlərdə həddindən artıq sərt olduğunu vurğulayıb.
O, “Ringside” nəşrinə açıqlamasında bildirib ki, Topuriya ilə məşq etmək ciddi zədə almaq riski daşıyır:
“Əlbəttə, qardaşım İliya ilə vaxt keçirməyi və məşq etməyi xoşlayıram. Amma onunla sparrinq etmək artıq zövq deyil. Zədə almaq istəmirəm, çünki bu uşaq hətta məşqlərdə də insanları nokauta salır. O, heç öz qardaşına da rəhm etmir. Mənə dedilər ki, onlar zalda bir-birlərini sadəcə “öldürürlər”.
Xatırladaq ki, İliya Topuriya ilə Castin Qeytji arasında yüngül çəkidə titul döyüşü iyunun 14-də Ağ Ev qarşısında keçiriləcək UFC turnirinə rəhbərlik edəcək. Merab Dvalişvili isə iyul və ya avqust aylarında Pyotr Yanla trilogiyanı tamamlamağı planlaşdırır.
Qeyd edək ki, ötən ilin dekabrında Yan Dvalişvilini məğlub edərək çempionluq kəmərini ondan geri almışdı.
