İyunun 27-də Bakıda keçiriləcək UFC turniri ətrafında mümkün döyüşlərlə bağlı müzakirələr davam edir.
İdman.Biz xəbər verir ki, bir sıra nüfuzlu MMA portalları əsas döyüşün Marvin Vettori ilə İsmail Naurdiyev arasında ola biləcəyini qeyd edir. Rəsmi təsdiq olmasa da, Sherdog.com portalı artıq məsələnin razılaşdırıldığını qeyd edir.
Təşkilatçıların hələ proqramı formalaşdırdığı və əsas döyüşün açıqlanmamasının səs-küylü elanlar üçün imkan yaratdığı vurğulanır. UFC-nin ənənəvi olaraq reytinq fərqlərinə həssas yanaşdığı və ciddi zərurət olmadan böyük fərqlərdən qaçdığı da diqqətə çatdırılır.
Bu kontekstdə Vettori ilə Naurdiyevin mümkün qarşılaşması status fərqinə görə maraq doğurur. İtaliyalı döyüşçü orta çəkidə tanınmış simalardan və keçmiş titul iddiaçısıdır, rəqibi isə təhlükəli olsa da, hələ elit səviyyədə möhkəmlənməyib. Vettori yüksək temp, dözümlülük və döyüşə nəzarət bacarığı ilə seçilir. Onun güclü tərəfləri klinç, güləş və sərt mübadilələrə davam gətirməsidir.
Mərakeş təmsilçisi Naurdiyev isə sürət və aqressivliyə üstünlük verir. O, yüksək temp diktə etməyi və döyüşləri vaxtından əvvəl başa vurmağı bacarır, lakin top səviyyəli rəqiblərə qarşı sabitliyi sual altındadır.
Ekspertlərin fikrincə, bu qarşılaşmada əsas amil məsafə olacaq. Ayaqüstü döyüşdə üstünlük Naurdiyevin tərəfində ola bilər, klinç və parterdə isə təşəbbüsün Vettoriyə keçəcəyi ehtimal edilir.
Ümumi qiymətləndirmədə üstünlük daha təcrübəli döyüşçüyə verilir. Vettorinin qalib gəlmək şansı 65-75%, Naurdiyevin uğur ehtimalı isə 25-35% kimi dəyərləndirilir.

Ən real ssenari Vettorinin təzyiq və nəzarət hesabına hakimlərin qərarı ilə qələbəsidir. Alternativ variant kimi döyüşün son raundlarda dayandırılması göstərilir. Bununla yanaşı, Naurdiyevin erkən nokautu əsas sensasiya variantı hesab olunur.
Rəsmi açıqlama olmasa da, Vettori - Naurdiyev döyüşü Bakı turniri üçün ən maraqlı variantlardan biri kimi qalır. Təsdiqlənəcəyi təqdirdə, bu qarşılaşma təcrübə ilə aqressiyanın toqquşması baxımından karta xüsusi rəng qata bilər.
Xatırladaq ki, daha əvvəl İkram Ələsgərov – Bruno Ferreira, Nursulton Ruziboev - Andrey Pulyaev döyüşləri, həmçinin Şarabuddin Maqomedov (“Şara Bullet”) ilə Mixail Pereyra arasında mümkün qarşılaşma barədə məlumat yayılıb. Qazaxıstanlı Asu Almabayev ilə ABŞ-li Çarlz Conson arasında döyüş isə artıq təsdiqlənib.
Bakı turnirində Azərbaycan döyüşçülərinin də iştirakı gözlənilir, lakin hələlik onların kim olacağı açıqlanmayıb. Yarış “Baku Crystal Hall”da keçiriləcək.
