Ukraynalı peşəkar boksçu Aleksandr Usik MMA tarixinin ən yaxşı döyüşçüsü kimi keçmiş UFC çempionu Həbib Nurməhəmmədovu göstərib.
İdman.Biz xəbər verir ki, boksçu müxtəlif idman növləri üzrə ən yaxşı idmançıların seçildiyi müsahibədə MMA ilə bağlı suala cavab verərkən Həbib Nurməhəmmədovun adını çəkib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov son döyüşünü 2020-ci ilin payızında keçirib. O, UFC turnirində ABŞ-li Justin Gaethje üzərində qələbə qazandıqdan sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Rusiyalı idmançı bu qərarını atasının vəfatından sonra anasına verdiyi sözlə əlaqələndirib.
Karyerasını başa vurduqdan sonra Həbib özünün MMA promouşn təşkilatı olan "Eagle FC"ni yaradıb.
Usik isə peşəkar boksda məğlubiyyətsiz karyerası ilə tanınır. O, həm birinci ağır çəkidə, həm də ağır çəkidə çıxış edib və 2012-ci il Olimpiya Oyunlarının qalibi olub.
