Bakıda keçiriləcək UFC turniri iştirakçılarından birini itirib

22 May 2026 15:35
150
Bakıda keçiriləcək UFC turniri iştirakçılarından birini itirib

İyunun 27-də Bakıda keçiriləcək "UFC Fight Night" turniri iştirakçılarından birini itirib.

İdman.Biz xəbər verir ki, əsas kardın əhəmiyyətinə görə üçüncü qarşılaşmada keçmiş titul iddiaçısı Marvin Vettori ilə İsmail Naurdiyevin üz-üzə gəlməsi planlaşdırılmışdı.

Lakin italiyalı döyüşçü qarşılaşmadan çəkilməyə məcbur olub. Vettori məşq düşərgəsi zamanı zədə aldığını bildirib.

“Əvvəlcə zədənin ciddi olmadığını düşünürdüm. Amma MRT müayinəsi sınıq olduğunu göstərdi. Bundan sonra həkimlər mənə döyüşməyə icazə vermədilər”, - deyə o bildirib.

İtaliyalı döyüşçü açıqlamasında emosional fikirlər də səsləndirib. O qeyd edib ki, uzun müddət qayıdışa hazırlaşdığı və əvvəlki çətin döyüşlərdən sonra yenidən oktaqona çıxmaq istədiyi üçün hazırda onun üçün ağır bir dövrdür.

“Karyeramda qarşıma çıxan davamlı maneələr səbəbindən psixoloji vəziyyətim də yaxşı deyil. Bakıda döyüşməyi çox istəyirdim, amma hər şey ən pis ssenari üzrə inkişaf etdi”, - deyə Vettori əlavə edib.

Bu, UFC üçün də ciddi itki hesab olunur. Çünki Vettori orta çəkidə keçmiş titul iddiaçısı olmaqla yanaşı, tanınmış döyüşçülərdən biridir. Onun İsmail Naurdiyevlə qarşılaşması kardın ən maraqlı döyüşlərindən biri sayılırdı.

MMA Mania-nın məlumatına görə, həkimlər Vettorinin təxminən 4-6 həftə ərzində bərpa olunacağını proqnozlaşdırırlar. Bu isə UFC-nin istədiyi halda həmin qarşılaşmanı daha sonrakı turnirlərdən birinə keçirə biləcəyi ehtimalını yaradır.

Maraqlıdır ki, Vettori yaxın vaxtlarda məşq bazasını da dəyişib. O, daha güclü tərəfdaşlarla hazırlıq keçmək və karyerasında yeni səhifə açmaq məqsədilə Floridadan Kaliforniyaya köçüb. Hazırlıq prosesi zamanı o, Beneil Dariuş da daxil olmaqla tanınmış döyüşçülərlə məşq edib.

Hazırda isə Naurdiyev rəqibsiz qalıb. UFC hələlik ona yeni rəqib tapılıb-tapılmayacağı və ya döyüşün ümumiyyətlə karddan çıxarılıb-çıxarılmayacağı ilə bağlı açıqlama verməyib. MMA ictimaiyyətində təşkilatın qısa müddətdə ona əvəzləyici rəqib tapa biləcəyi müzakirə olunur. Bəzi azarkeşlər hesab edirlər ki, son qələbələrindən sonra populyarlığı artan idmançıya reytinqli rəqib verilə bilər.

Gecənin əsas döyüşü kimi Rafael Fiziyevlə Manuel Torresin qarşılaşması qüvvədə qalır. Kardın ən çox gözlənilən digər döyüşlərindən biri isə Şara Məhəmmədovla Mişel Pereyranın görüşüdür.

İdman.Biz