Tofiq Musayev Həbibin komandası ilə məşqlər barədə: “Sanki üzərinə beton plitə qoyulub” - VİDEO

26 Mart 2026 17:12
90
Tofiq Musayev Həbibin komandası ilə məşqlər barədə: “Sanki üzərinə beton plitə qoyulub” - VİDEO

Azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev Həbib Nurməhəmmədovun komandasının üzvləri ilə keçirdiyi məşqlər və məşq döyüşləri barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, idmançı Həbib Nurməhəmmədov və İslam Maxaçev kimi döyüşçülərlə mübarizənin maksimum konsentrasiya və fiziki hazırlıq tələb etdiyini bildirib.

"Komandadakı bir çox döyüşçü deyirdi ki, Həbib və ya İslamla güləşmək sanki üzərinə beton plitə qoyulub. Bu, həqiqətən də belədir. Qafqaz güləşi ilə tanınır, onların səviyyəsi tamamilə fərqlidir", – deyə Musayev açıqlamasında bildirib.

Döyüşçü həmçinin komandanın əsas fərqləndirici cəhətinin intizam və tam fədakarlıq olduğunu vurğulayıb.

"Həbib və İslam UFC çempionlarıdır, bütün dünyada tanınırlar. Onların komandasında intizam çox yüksək səviyyədədir. Nəticə üçün hər şeydən keçməyə hazırdırlar. Mən onlara böyük hörmət bəsləyirəm və onlardan çox şey öyrənmişəm", - deyə o qeyd edib.

T.Musayev həmçinin bildirib ki, hər zaman daha güclü rəqiblərlə döyüşməyə üstünlük verib.

“Mən idman karyeramda özümdən zəif rəqiblə mübarizə aparmamışam. Hər zaman gücümü yoxlamaq istəmişəm, qarşılaşdığım rəqibləri özüm üçün bir imtahan kimi qiymətləndirmişəm”.

Tofiq Musayev İqnasio Bahamondeslə döyüş ərəfəsində rəqibi haqda da bir neçə kəlmə danışıb:

“İqnasio Bahamondesin keçirdiyi döyüşlərə baxmışam. Bizim də döyüşlə bağlı öz planımız var. Döyüşün strateqiyasını da ona uyğun quracağıq”.

Əlavə edək ki, martın 28-də Tofiq Musayev ABŞ-ın Sietl şəhərində keçiriləcək UFC turnirində çilili Ignacio Bahamondeslə üz-üzə gələcək.

İdman.Biz