UFC üçün yeni təhlükə: Ceyk Poulun MVP layihəsi diqqət mərkəzində - İDMAN.BİZ-in İCMALI

20 Mart 2026 09:43
251
UFC üçün yeni təhlükə: Ceyk Poulun MVP layihəsi diqqət mərkəzində - İDMAN.BİZ-in İCMALI

Qarışıq döyüş növləri dünyasında UFC-yə təzyiq göstərə biləcək yeni ciddi rəqib meydana çıxa bilər.

İdman.Biz xəbər verir ki, mayın 16-da Los Anceles şəhərində amerikalı bloqer və boksçu Ceyk Poula məxsus “Most Valuable Promotions” şirkətinin(MVP layihəsi - "Most Valuable Promotions" (qısaca MVP) - amerikalı boksçu və bloqer Jak Paul tərəfindən yaradılmış döyüş idmanları promouter şirkətidir) təşkil etdiyi MMA turniri keçiriləcək. Son illərdə C.Poul internet ulduzundan döyüş idmanlarında ən diqqətçəkən promouterlərdən birinə çevrilib, əsas diqqəti səs-küylü adlara və geniş media layihələrinə yönəldib.

Gecənin əsas hadisəsi Ronda Rousey ilə Qina Karano arasında keçiriləcək döyüş olacaq ki, bu da turniri artıq ən aktual idman hadisələrindən birinə çevirir. Bundan əlavə, kartda Fransis Nqannou, Nate Diaz və Mayke Perry kimi tanınmış döyüşçülər də yer alıb. Bu isə turniri son illərdə UFC-dən kənarda keçirilən ən ulduzlu yarışlardan birinə çevirir.

Layihənin özəlliyi təkcə iştirakçı heyəti ilə məhdudlaşmır, həm də formatında özünü göstərir. Turnir “Netflix” platformasında yayımlanacaq ki, bu da ona qlobal əhatə dairəsi və ənənəvi ödənişli yayım modelindən kənarda böyük auditoriya qazandırır. Məhz bu amil izləyici diqqəti uğrunda mübarizədə həlledici ola bilər.

Bu fonda getdikcə daha çox səslənən fikirlərə görə, Ceyk Poulun layihəsi UFC-yə təzyiq yarada bilər. Söhbət birbaşa turnirlərin təşkili səviyyəsində rəqabətdən çox, media təsiri, auditoriya və döyüşçülər uğrunda mübarizədən gedir. Son illərdə UFC-də qonorar məsələsi dəfələrlə tənqid olunub və yüksək ödənişlər təklif edən alternativ platformalar ulduzlar üçün cəlbedici seçimə çevrilə bilər.

Bununla belə, hələlik UFC-nin dominantlığı üçün tammiqyaslı təhlükədən danışmaq tezdir. Təşkilat sabit turnir sistemi, müqavilə strukturu və qlobal infrastrukturu ilə bazarın mübahisəsiz lideri olaraq qalır. Lakin belə layihələrin meydana çıxması artıq oyunun qaydalarını dəyişir.

Beləliklə, Ceyk Poulun turnirini UFC-nin izləyici və top döyüşçülər üzərindəki monopoliyasının tədricən zəifləməyə başladığını göstərən ilk real siqnal kimi qiymətləndirmək olar.

Əgər MVP layihəsi baxış sayı və tamaşaçı marağı baxımından gözləntiləri doğruldarsa, azərbaycanlı idmançıların da getdikcə daha fəal təmsil olunduğu MMA sənayesi yeni rəqabət mərhələsinə qədəm qoya bilər.

İdman.Biz