“Düşünürəm ki, ya artıq karyeramı başa vurmuşam, ya da güclü motivasiya yaranarsa, davam etdirəcəyəm. Amma hazırda yoluma davam etmək üçün məni kifayət qədər motivasiya edən heç nə görmürəm”.
Bunu İdman.Biz-ə müsahibəsində tanınmış Azərbaycan karateçisi, dünya və Avropa çempionatlarının, həmçinin Avropa və İslam Oyunlarının dəfələrlə mükafatçısı Asiman Qurbanlı deyib.
“O qədər də çox şeyi açıq deyə bilmərəm. Desəm belə, heç nə dəyişməyəcək. Ona görə də hər şey belə qalacaqsa, bu daha yaxşı olar. Ümid edirəm ki, əldə etdiyim nəticələrlə idmançı kimi artıq nəyəsə nail olmuşam”, – deyə o əlavə edib.
Qurbanlı bu yaxınlarda Avropa çempionatından qayıdıb. O, üçüncü döyüşdə nokaut aldıqdan sonra çıxışını dayandırıb. Səhhətinin pisləşməsi səbəbindən görüşü və turnirdə iştirakını davam etdirə bilməyib.
Karateçinin sözlərinə görə, hazırda özünü yaxşı hiss edir:
“Təəssüf ki, Avropa çempionatı mənim üçün belə başa çatdı. Əlbəttə, hər turnirdə olduğu kimi, ora da uğur qazanmaq məqsədilə yollanmışdım. Amma dizimdəki zədə səbəbindən tam hazırlaşa bilmədim”.
Asiman Qurbanlı Azərbaycan qadın millisinin uğurlu çıxışını qeyd edib, həmçinin medalsız qayıdan kişi millisinin nəticələrinə də münasibət bildirib:
“Mənim yarışdan kənarlaşdırılmağım da təsir etdi. Komanda istər-istəməz zəiflədi. Millimiz yenilənir. Əvvəlki heyət də gənc idmançılardan ibarət idi. Bu, çox güclü komanda idi, heyətdə dünya və Avropa mükafatçıları var idi, bir çoxu favorit sayılırdı. Amma müəyyən səbəblərdən hamısı karyerasını başa vurdu. Hər birinin qarşıda böyük məqsədləri var idi, o cümlədən gələcəkləri ilə bağlı. Hazırda ölkəmizi başqa sahələrdə təmsil edirlər. Uşaqların hər biri yaxşı vəziyyətdədir.
İndiki gənc komandaya gəlincə, hər şey qaydasındadır. Sadəcə, hələlik onlara təcrübə çatmır. Zaman keçdikcə bu problem aradan qalxacaq. Ümid edirəm ki, bu idmançılar dünya səviyyəsində hələ öz sözlərini deyəcəklər və motivasiya ilə inkişaf etmək istəklərini itirməyəcəklər”.
