Gəncədə karate üzrə regional seminar keçirilib - FOTO

19 İyul 2026 23:18
548
Gəncədə karate üzrə regional seminar keçirilib - FOTO

Karate üzrə məşqçi-müəllimlər və idmançılar üçün Gəncə şəhərində regional seminar təşkil olunub.

İdman.Biz xəbər verir ki, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbir qarşıdakı yarışlara hazırlıq prosesinə dəstək göstərmək məqsədi daşıyıb.

Seminarda regionu təmsil edən 200-ə yaxın idmançı və 100-ə yaxın məşqçi olmaqla, ümumilikdə 300-ə yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müasir məşq metodları, texniki və taktiki hazırlıq, yarış qaydaları və hakimlik meyarları ilə bağlı nəzəri və praktiki məşğələlər keçirilib. Həmçinin idmançıların fiziki və psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tövsiyələr verilib.

Seminardan sonra Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri və məşqçi-müəllimlərin iştirakı ilə geniştərkibli iclas təşkil olunub.

Görüşdə regionda karatenin mövcud vəziyyəti və inkişaf perspektivləri, məşq prosesinin təkmilləşdirilməsi, gənc idmançıların hazırlığı, qarşıdakı yarışlar və federasiya ilə regionlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

İclas zamanı məşqçilərin təklifləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib və regionlarda karatenin inkişafı üçün görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

İdman.Biz